Evimizin damında xərçəng təhlükəsi - Bizi nə gözləyir?

28.08.2015 12:11     Sosreaksiya     2873

Xəbər verildiyi kimi, Bakıda binaların üzərində günəş panelləri yerləşdirməklə evlərin, küçələrin və blokların işıqlandırılması məsələsi gündəmdədir. Bu səbəblə Badamdarda, Hövsanda, Qaradağ rayonunda 5 məktəb və 2 polikilinikanın damında günəş paneli quraşdırmaqla sözügedən obyektlərin elektrik enerjisi ilə təmin olunub. 

Məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanda bu məsələ hələ geniş araşdırılmalıdır: “Yaşıl energetikaya keçmişiksə, ilk növbədə onu dəqiq öyrənmək lazımdır ki, bu günəş panelləri insana, ona qulluq edənlərin səhhətinə nə kimi mənfi təsir göstərə bilər.  Təbii ki, ekoloqların işi deyil, həkimlərin işidir. Bilmək lazımdır ki, illərlə onu idarə edən  sabahı gün xərçəng xəstəliyinə düçar olmayacaqmı? Həkimlər yay vaxtı 12-dən 5-ə qədər dəniz kənarında, çölə çıxmayın, deyirlər. İndi biz düşünək ki, bu insanlar birbaşa günəş təsiri altında olacaqlar. Bəs onlara nə olacaq?”

Ekspert onu da qeyd edib ki, külək ətraf mühitə pis təsir etməsə də amma ətrafda yaşayan insanlara elektromaqnit cəhətdən mənfi təsir göstərəcək. O, təklif edib ki, ən yaxşı alternativ enerji tullantıllardan qaz almaqdır: “Çünki bu halda həm də  tullantıları idarə etmiş oluruq. Günəş panellərinin sabah nə olacağını bilmək olmaz. Ehtiyatlı olmaq lazımdır. Xaricdə nə baş verirsə, biz həmən ondan yapışırıq. Nəyə görə bunu edirik, axı özümüzün texnologyaları var. Onlardan istifadə etməliyik”.

Ekoloqun narahatlıqlarına  cavab tapmaq üçün həkim Qalib Bağırovla əlaqə saxladıq. O bildirdi ki, bu panellərin insan sağlamlığına ziyanı yoxdur: “Təbii ki, bu, yeni bir sahədir və tədqiq edilməsinə ehtiyac var. Amma əgər bu panellər  hər gün insanların olduğu poliklinikalara, məktəblərin damına quraşdırılıbsa, demək ki,  bir təhlükə törətmir. Əks halda, bu işlə məşğul olan müvafiq orqanlar belə addım atmazdı”. 

Şərhlər