“Əməlli-başlı pul qazanırlar” - İlahiyyatçı - alim

28.08.2015 13:55     Sosreaksiya     2720

Son zamanlar hökümətin yas mərasimlərində ehsanın verilməsi ilə bağlı tövsiyə xarakterli tapşırığı ilə bağlı pozuntular haqqında ictimaiyyət arasında söz – söhbətlər səngimək bilmir. Məsələ ilə bağlı Reaksiya.az - a açıqlamasında ilahiyyatçı – alim Əkrəm Həsənov bildirib ki, ehsan bəzilərinin başa düşdüyü kimi, yas məclislərində verilən yemək süfrəsindən ibarət deyil. O, İslam dinində ehsanın ibadət kimi nəzərdə tutulduğunu bildirib: “Ehsan, Allahı görən kimi ona ibadət etməkdir. Yəni, sən Onu görməsəndə, O, səni görür. Bu söz, ərəb dilindən tərcümədə  “yaxşılıq” mənasını verir. Müsəlmanın ətrafdakılara yaxşılıq etməsi, onları sevindirməsi, xüsusilə, ehtiyacı olanlara yardım göstərməsi ehsan sayılır. Bizdə isə ehsan deyilərkən, yas yerində verilən yeməklər nəzərdə tutulur, bir çox hallarda isə israfçılığa yol verilir. Bunun isə islam dini ilə heç bir əlaqəsi yoxdur. İslam dininə görə insan dünyasını dəyişəndən sonra aparıb dəfn eləmək, bağışlanması üçün dua etmək, borcu olarsa bağlamaq, yaxınları ilə əlaqə saxlamaq ehsan sayılır”.

İlahiyyatçı Ə. Həsənov yas yerlərində “Yasin” surəsinin oxunmasına da münasibət bildirib: “Yasin surəsinin oxunması dinimizdə yoxdur. Çünki, Peygəmbərimiz (s.a.) bunu eləməyib. Bizdə isə bu adət kimi formalaşıb. Quran oxumaq savab olduğuna görə, düşünürlər ki, “Yasin” oxunsa mərhumun ruhu şad olar. Mollalarımız isə bundan əməlli - başlı pul qazanırlar”.

İlahiyyatçı Əkrəm Həsənov yas yerlərində ehsanın qadağan olunmasından sonra da eyni vəziyyətin dəyişməməsinə səbəb kimi bəzi mərasim evlərində ehsan verməyə davam edilməsini göstərib: “İlk əvvəl özlərindən başlasaydılar, daha yaxşı nəticə əldə etmək olardı”.

 

 

Şərhlər