"Bəzi separatçılar dini icmalarda gizləniblər"
09.06.2015 19:31 Sosreaksiya 2423

Mehman Muradlı: "Hətta onlardan bəziləri dövlət atributlarını təhqir edəcək qədər irəli gedirlər"
"Bəzi xarici qüvvələr və onlarla əlbir olan separatçı ruhlu dairələr Azərbaycan dövlətinin dinlərə tolerantlığından sui-istifadə etməyə, təsir dairələrini genişləndirməyə çalışırlar".
Bu fikirləri Reaksiya.Az-a tanınmış hüquqşünas Mehman Muradlı bildirib. O qeyd edib ki, etnik separatizmin əsasən hansısa dinə və ya məzhəbə söykənməklə təbliğ olunmasına tarixdə də çox rast gəlinib: "Din çox zaman siyasi təsir vasitəsi kimi istifadə olunub və ölkədə qarışıqlıq, nifaq salmaqla pul qazanmağa çalışan qüvvələr də insanların dini hisslərindən məharətlə istifadə edir".
O, vaxtaşırı sosial şəbəkələrdə fəallaşan bəzi şəxslərin həm dini təbliğat aparması, həm də separatçı ruhlu paylaşımlar etməsinə də toxunub, bunu "əsl məqsədin təzahürü" kimi qiymətləndirib: "Osmanlı İmperiyasının dağıdılmasında etnik və dini separatizmin rolu böyük olmuşdu, indi o təcrübə başqa dövlətləri və ölkələri də dağıtmaq üçün istifadə olunur. Azərbaycana qaldıqda isə ölkəmiz hazırda dini məzhəb və təriqətlərin poliqonuna çevrilib. Bəzi etnik separatçılar dini icmalarda gizləniblər. Bu cür separatçılığı ortaya çıxaranlar məhz xarici qüvvələrdir. Separatizmi qıcıqlandırıb yaymaqla isə dövləti zəiflətmək, müxtəlif siyasi və maddi dividentlər əldə etməyə çalışırlar. Bununla mübarizənin tək bir yolu var: həm dövlət orqanları, həm QH-lər və həm də KİV-in birgə layihələr çərçivəsində bu halların nəinki dövlət və cəmiyyətə vurduğu zərəri anlatmaq, həm də bu ziyanın fərdlərə olacağına inandırmaq".
Hüquqşünas qeyd edib ki, bəzən sosial şəbəkələrdə açıq-aşkar şəkildə yazılmış elə fikirlərə və paylaşımlara rast gəlmək olar ki, buna hüquqi cəhətdən qiymət verib məsuliyyətə cəlb etmək, konstitusiyaya zidd fəaliyyət kimi qiymətləndirmək mümkündür: "Hətta onlardan bəziləri dövlət atributlarını təhqir edəcək qədər irəli gedirlər. Əgər bu cür separatçı ruhlu şəxslərdən bəziləri qanunla cavablarını alsalar, belə halların təkrarlanmasının qarşısı xeyli alınmış olar".
Şərhlər