Kaş belə olmayaydı!... - REPORTAJ - FOTOLAR

09.06.2015 21:16     Sosreaksiya     2096

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evindən reportaj...

İllərdir qadınların ailədaxili zorakılığa məruz qalmalarından çox yazılıb, çox deyilib. Amma nə qədər danışılsa da, nə qədər yazılsa da, yenə də cəmiyyətdə eyni problemlər yaşanır, hər gün ən azı bir zorakılıq halını(xüsusən də qadına qarşı!) duyuruq, oxuyuruq! Bu adi hadisələrdən deyil. Cəmiyyətin özül daşlarından sayılan ailəni bu qədər heçə sayanlar, güldən belə zərif olan qadına əl qaldıranlar, qız övladının doğulacağını eşidib dəliyə dönənlər, hələ doğulmamışdan onu ölümə məhkum edənlər, anlamırlar ki, onları dünyaya gətirən də qadındır, necə onlar “ana” – deyib öz analarının üzündən – gözündən öpürlərsə, eləcə də qıydıqları, zorakılıq etdikləri, təcavüz etdikləri xanımlar da kiminsə anası, bacısı, kiminsə dəyərləndirdiyi, əziz tutduğu xanımdır. Zorakılığa məruz qalan, öldürülən, zorlanan, xor görülən, aşağılanan qadınların yaşadığı bir cəmiyyətin sabahı haqqında adam istəsə belə, düşünə bilmir və son zamanlar cəmiyyətdə artan aqressiya, dözümsüzlük hallarının kökündə məhz elə qadına qarşı aqressiyanın, zorakılığın dayandığını deyə bilərik.

 

Sığınacaqda...

 

Müstəqillikdən sonrası dövrümüzə nəzər salsaq, çox təəssüf ki, zorakılıq hallarının xeyli vüsət aldığını görəcəyik. Zorakılıqla üzləşən qadınların hər birinin fərqli hekayəsi olsa da, yaşadıqları acının ortaq bir məxrəci var. Biz də Reaksiya.az olaraq onların problemlərini öyrənmək məqsədi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə üz tutduq. Qapıda bizi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehruban Zeynalova qarşılayır. Sığınacaq haqqında geniş məlumat verən Mehriban xanım bildirir ki, təşkilatdakı sığınacaq 2002-ci ildən fəaliyyət göstərir: “Qeyd edim ki, mərkəz ilkin olaraq yaradılanda cəmi 7-8 nəfər var idi. Əsasən ilk növbədə insan alverinin qurbanları, qadınlar sığınacaqda məskunlaşıblar. Sonradan isə digər qruplar üzrə ehtiyacı olan hər kəs quruma müraciət edib. Onların arasında miqrantlar, spidə yoluxmuş və ailə-məişət zorakılığına məruz qalmış qadınlar olub. Hər il keçən ilə nisbətən bu cür insanların sayı durmadan artmaqdadır. Əsasən builki qadınlar ailədaxili zorakılıqdan əziyyət çəkirlər. Hazırda həqiqətən yeni sığınacaqlara böyük ehtiyac var. Xüsusən regionlarımızda belə sığınacaqların açılması daha mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, mövcud sığınacaqların genişlənməsinə ehtiyac böyükdür. Məsələn, bizim sığınacaq çox balacadır, darısqaldır. Hətta çox zaman sıxlıq olduğu üçün müraciət edənlərdən imtina etmək məcburiyyətində qalırıq. Çünki müxtəlif səbəblərdən bizə müraciət edən qadınların sayı həddindən artıq çoxdur. Bəzən xəstə olanı olur, fiziki vəziyyəti normal olmayan insanlar olur ki, onları sığınacaqda saxlamaq problemə çevrilir. Ona görə bu məsələdə yardım etmək üçün sponsorlara, iş adamlarına müraciət etmək istəyirik ki, bizə yeni sığınacaq yerlərinin verilməsində dəstək olsunlar, maddi yardım göstərsinlər".

 

Deyirdi ki, get pul gətir...

 

Sığınacağa daxil oluruq. Hər qadının bir ömür günlüyü var ki, o ömür günlüyünü vərəqləmək üçün insana səbr, dözüm və iradə lazımdır. Həmsöhbət olduğum sakinlərdən Nazilə danışır ki, yoldaşı ilə 2004 – cü ildə dostlarının vasitəsi ilə tanış olub.2006 – ci ildə isə icazəsiz ailə həyatı qurublar. Ailə həyatı qurandan sonra da yoldaşının ailəsi onu qəbul etməyib. Gerisini gəlin, birgə dinləyək: “Bir övladım var idi, o ana kimi hər şey yaxşı idi. Bir gün ondan şübhələnməyə başladım. Kiminləsə danışırdı. Dedim qəbul etmədi, and içdi ki, heç kimlə danışmır. Mən danışmırdım. Övladıma görə dözürdüm. Işləmirdi, içki içirdi. Yenə də dinmirdim. Sonradan qumar oynamağa başladı. İkinci övladım dünyaya gəldi. Döyürdü məni, onlar bilməsinlər, eşitməsinlər deyə çalışırdım hər şeyi örtbasdır edim. Atam – anam övladlarıma görə mənə hər cür köməkliyi edirdilər. Zorakılıq isə davam edirdi. Hədələyirdi. Deyirdi, get pul tap. Artıq dünənə kimi münasibətlərini inkar etdiyi qadınla açıq – aşkar görüşməyə başlamışdı. O görüşdüyü qadın da narkotik aludəçisi idi. Özünüz fikirləşin, iki uşaq və üstəgəl yoldaşımla həmin o narkotik aludəçisi olan qadın, hamısının xərci mənim boynumda idi. Yavaş – yavaş özüm üçün yol tapmağa başladım. Evdə tikiş tikib satırdım. Bəzən məni elə döyürdü ki, yeriməyə taqətim olmurdu. Bir müddət sonra artıq evimizi də satmışdıq, kirayədə qalırdıq. Bir yağışlı, soyuq qış günü məni döydü və evdən qovdu. Məcbur etdi ki, gedim onun üçün faizə pul götürüm. Övladlarım var idi, qorxurdum onlara nəsə xətər yetirər. Getdim, faizlə borc pul götürdüm. Amma artıq dözə bilmirdim, ayrıldıq. İndi ən azı burda rahatam... Bu sığınacağı yaradanlardan Allah razı olsun ki, bizi bura götürüblər”.

 

Amma səhər özünə yer tap...

 

Sığınacağın ikinci sakini Səbinə ilə danışanda istər – istəməz göz yaşlarımı tuta bilmədim. Səbinə 11 yaşında olanda anasını itirib. Dah sonra atası ikinci dəfə evlənib. Bir müddət küçələrdə yaşayıb. Bir nəfərin ona yazığı gəlib. Səbinə sözlərini belə davam etdirir: “İşə düzəldim, bir müddət sonra kirayə ev tutdum. Qaldığım yerdə ev sahibinin oğlunun məndən xoşu gəlirdi. Sonradan ailə qurduq. Ailəsi bundan xəbər tutanda məni çölə atdı. Qaynanam dedi ki, səni qəbul etmirik, hara gedirsən get. Hara gedəcəkdim? Getməyə yerim yox idi. Küçədə yatırdım. Qaynatam dedi ki, eybi yox, bu gecə burda qal. Amma səhər özün üçün yer tap. Səhəri gün qonşular məni bura gətirdilər. Mehriban xanım sağ olsun, bizə sığınacaq verdi. Bu yaxınlarda övladım olacaq. Çöllərdə qalmaqdansa, belə bir yerdə yaşamağımız daha məqsədəuyğundur. Küçələrdə qalanları düşünəndə öz halıma şükür edirəm”.

 

Hər gün məktəbə gedən uşaqlara baxırdım...

 

Sığınacağın növbəti sakini Leyla ilə söhbətimizi yarıda kəsmək məcburiyyətində qaldıq. Mən artıq düzü dözə bilmirdim. Ilahi, insan bu gənc yaşında nələrlə qarşılaşıb, nələr yaşayıb?! Oturmuşam ona qulaq asıram, amma sadəcə qulaq asıram. Başqa heç nə... “Atam rəhmətə gedəndən sonra anam ikinci dəfə ailə həyatı qurub. Məni nənəmin yanında qoyub çıxıb gedib. Nənəm də mənə oxumağa icazı vermədi. Dedi ki, bura rayon yeridir, qız uşağı dördüncü sinifdən o tərəfə oxumaz. Məcbur olub məktəbdən çıxıb evdə oturdum. Pəncərəni qabağında oturub məktəbə gedən uşaqlara baxırdım. Arada atalığımın yanına getdim. Bir müddət onlarla yaşasam da, baxdım ki, alınmır. Yeri gəldi, gəlmədi məni döyür, təhqir edirdi. Yenidən nənəmin yanına qayıtdım. Nənəm bu dəfə heç üzümə də baxmadı. “Anan sənə baxmadısa, mən niyə sənə baxmalıyam?!” – deyib məni qovdu. Özünün də heç dolana bilmədiyini dedi mənə. Əlacım hər yerdən üzüldü. Rayondan Bakıya gəldim. Üç gün ac – susuz Bakının küçələrində gəzdim. Dördüncü gün “İçərişəhər” metrosunun qabağında ürəyim getdi. Və məni bura Mehriban xanımın yanına gətirdilər. İndi burdayam, iş tapıb öz ayaqlarımın üstündə dyanmaq istəyirəm”.

 

Amma heç nə istəmədim...

 

Bunu isə sığınacağın başqa bir sakini Təhminə danışır. Deyir ki, bir nəfərlə nişanlanıb. Amma onunla ailə həyatı qurmaq istəməyib və rəfiqəsinin qardaşı onu qaçırıb: “Məni dayısıgilə gətirdi. Psi davranmırdı, adamın başının üstündə Allah var. Hər şeyimi alırdı, pul verirdi. Bircə valideynlərimin yanına getməyə qoymurdu. Sonra dəyişməyə başladı. Döyürdü, təhqir edirdi. Ayrıldıq. Aliment vermək istədi, özüm qəbul etmədim. İki ay olar burdayam. Özüm hər şeyə nail olmaq istəyirəm”.

 

Sonda...

 

Beləcə, bir – birindən fərqli, amma eyni zamanda bir – birinə bənzəyən qadınların həyat hekayələri sizlərə təqdim etdik. Bu yazını yazanda nələr çəkdiyimizi bir Allah bilir!... Amma, bircə cümlə keçir orda olan körpələri, balaca uşaqları görəndə: kaş belə olmayadı!...

 

P.S. Adlar şərtidir, amma təkcə adlar!...

 

Oktay

 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar