"Erkən nikahlar çox zaman ənənələrdən qaynaqlanır"
31.08.2015 17:43 Sosreaksiya 2250

Son günlər İranda baş tutan toy sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Maraqlısı odur ki, toyu olan şəxslərin hər ikisi azyaşlıdır. Bəyin 14, gəlinin isə 10 yaşı var. İran qanunlarına görə, qızlar atalarının icazəsi ilə 13, oğlanlar isə 15 yaşında evlənə bilsələr də, bu yaşda evlilik, hətta İran qanunlarına görə də azyaşlıların evliliyidir.
"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova Reaksiya.az- a açıqlamasında bildirib ki, erkən nikah problemi gündəmdə duran və hamını narahat edən bir problemdir: “Bilirsiniz ki, beynəlxalq təşkilatlar bu məsələni çox qabardır. Amma ölkədə hazırda erkən nikahla mübarizədə cinayət təqibi nəzərdə tutulub və bununla bağlı kifayət qədər tədbirlər görülür”.
İranla müqayisədə Azərbaycanda erkən nikah yaşları arasında xeyli fərq olduğunu deyən ekspert vurğulayıb ki, Avropada 16 yaşda nikaha icazə verilsə də, İran kimi ölkələrdə bu rəqəm 8-12 yaşlı uşaqları əhatə edir: “Bizdə isə erkən nikah deyildikdə 15-16 yaş hədlərdində qızların ərə verilməsi tendensiyası nəzərdə tutulur. Biz, hətta bundan belə narahatıq. Hesab edirik ki, ailə quran şəxslər yetkinlik yaşına çatmalıdır”.
Mehriban Zeynalova erkən evliliklərin daha çox dini məsələlərlə əlaqələndirildiyini qeyd edib: “Məsələ ondadır ki, dini amillər qabardırılır. Uşaqları tez evləndirməyi, dinin əsas ehkamı kimi təqdim edirlər. Digər tərəfdən bəzən valideynlər hesab edir ki, tez evlənən uduzmaz. Yəni müxtəlif səbəblər ola bilər”.
Bu qaydaların əksər vaxt ənənələrdən qaynaqlandığını təəssüflə bildirən ekspert, son zamanlar köhnə ənənələrin daha çox ayaq açmağa başladığını deyib.
Şərhlər