"Bakıkart"ın dizaynının oğurluq olması faktına - Rəsmi münasibət

01.09.2015 11:11     Sosreaksiya     2277

Bu gün səhər bütün metro stansiyalarında sıxlıq müşahidə olunub. Buna səbəb ötən gün köhnə metro kartlarına gediş yükləmək vaxtının bitməsi olub.

Bakı Metropoliteni “QSC”nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev reaksiya.az-a açıqlamasında metroda yaranmış sıxlığın əhalinin kartı dəyişməyi son günə saxlaması ilə əlaqələndirib: “ Dünən köhnə kartlara gediş yükləmənin vaxtı bitib. Bəzi sərnişinlər nədənsə Bakıkartın alınmasını son günə saxlayıblar, ona görə də ilk gün nisbətən sıxlıq yaranıb. Biz əvvəldən də bəyan etmişdik ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək. Yəni eyni vaxtda bütün turniketləri və aparatları dəyişdirmək doğru deyil. Nəzərə almaq lazımdır ki, sentyabrın 30-na kimi hər iki kart istifadədə olacaq. Buna görə də həm aparatlar, həm də turniketlər mərhələli şəkildə dəyişdirilir. Bununla bağlı ictimaiyyətə mütəmadi məlumat verilir. Hazırda stansiyalarımızda kifayət qədər aparat və turniket mövcudur. Dünən gecə də bütün stansiyalarda əlavə aparat və turniketlər qoyulub.Və bu proses ayın sonuna qədər davam edəcək”.

N. Paşayev “Bakıkart”ın dizaynının oğurluq olması faktına “Bakıkart metropolitenin məhsulu olmadığı üçün suala cavab verə bilməyəcəm” ­­- deyə münasibət bildirib.

Qeyd edək ki, Ukraynada təhsil alan Nəriman Süleymanov adlı tələbə sosial şəbəkədə  öz hazırladığı kartın və “BakıKart”ın şəklini paylaşaraq bu sözləri yazıb: “Bu gördüyünüz yeni istifadəyə verilmiş "Bakıkart"dır. Sağdakı gördüyünüz kartın üzərindəki şəklin dizaynı isə mənə məxsusdur. İki il öncə hazırlamışdım. Xəbərim olmadan şəkil kartın üzərində çap olunub və icazə almadan şəkilə dəyişiklik olunub. Belə ki, "Heydər Əliyev Mərkəzi"nin fotosu da kartın üzərində əksini tapıb. Bu da şəklin orijinalı”.

Şərhlər

Çox oxunanlar