Pulunu millətə xərcləyən milyonçu

01.09.2015 13:14     Sosreaksiya     3486

Bu gün müsəlman aləmində tanınmış milyonçulardan biri olan, neftxuda, xeyriyyəçi, messenanat, Hacı Zeynalabdin Tağıyevin vəfat etdiyi gündür. H.Z.Tağıyev Bakının Mərdəkan kəndində 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında əbədiyyətə qovuşub.

Hacı Zeynalabdin Tağıyev dünyada ilk öncə öz mesenat və maarifpərvər biri kimi tanınıb. XX əsrin əvvəllərindən başlayaraq ökənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi ilk növbədə Tağıyevin adı ilə bağlıdır. 1905-ci ildə yaranmış ilk Müsəlman Xeyriyyə cəmiyyəti, daha sonra “Nəşr və maarif”, "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olub.

Çoxcəhətli sahibkarlıq fəaliyyətində mərkəzi yeri maarifçilik, mesenatlıq, filantropluq, xeyriyyəçilik tutan Tağıyev o dövrün milyonçu neftxudası kimi də tanınıb. O, ilk dəfə 1873-cü ildə indiki Bibiheybət ərazisində icarəyə yer götürərək neft quyusu qazdırır. Nəhayət, gözlənilmədən neft fantan vurur və bir gecənin içində Tağıyev milyonçuya çevrilir. Tağıyevi hər zaman sevdirən ən başlıca xüsusiyyətlərindən biri onun sərvətini tək özü üçün deyil, xalq üçün, millət üçün xərcləməsi olub.

Tağıyev hər zaman təhsilə böyük diqqət göstərib, Azərbaycanda ilk qızlar məktəbini yaradıb, xeyli sayda gəncə maddi və mənəvi dayaq duraraq təhsil almasına şərait yaradıb. Həmçinin, Bakının yaraşığına əzəmət qatmaq üçün çox sayda memarlıq nümunələri inşa etdirib. Xarici ölkələrdən memarlar dəvət edərək göz oxşayan binalar tikdirib və həmin binalar indi də əzəmətini, tarixi əhəmiyyətini saxlayır, hazırda da istifadə edilir.

Tağıyev ilk dəfə 1895-1897-ci illərdə hazırkı Azərbaycan tarix muzeyinin binasını tikdirib. Binanın layihəsinin müəllifi Qoslavski Avropa order mümarlıq üslubundan istifadə edərək fərdi kompozisiya yaradıb. O dövrdə həmin sarayın dörd fasadı və damındakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edirdi, saraydan şəhərin dörd küçəsinə ponorama açılırdı. Tağıyevin inşa etdirdiyi bina o dövrdə hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri idi. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında yanan nəhəng qaz fanarları ətrafı işığa qərq edirdi.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin, Quba yaxınlığında Atlıxanda, Yevlax ətrafında böyük meşələrin sahibi olub. Ənzəli və Rəşd ərazisində də meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları mövcud olub.

O zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) dustaqxana kimi istifadə olunmaqçün dövlətə verib. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırıb, orda dəyirman tikdirib. H.Z.Tağıyev həmçinin, 1897-1907-ci illərdə o zaman üçün ən nəhəng inşaat hesab edilən "Bakı-Batum" neft kəmərini, 1901-ci ildə Bakıda Zaqafqaziyada yeganə olan qızlar məktəbini (hazırda həmin binada Elmlər Akademiyasının əlyazmalar Fondu yerləşir) inşa etdirib. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubunda inşa edilib, əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Şərhlər