Serj Sarkisyan Azərbaycanın qara siyahısına niyə salınmır?

01.09.2015 15:15     Sosreaksiya     1906

Xəbər verildiyi kimi, bu gün Ermənistan prezidenti Serj Sarkisyan erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağa gəlib.

İstər Ermənistan vətəndaşlarının, istərsə də digər ölkədə yaşayan sakinlərin bu bölgələrə gəlişi həmişə rəsmi Bakı tərəfindən birmənalı qarşılanmayıb. Və onların əksəriyyəti Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) qara siyahısına salınaraq “persona non qrata” elan edilib. Serj Sarkisyan isə dəfələrlə Dağlıq Qarabağa səfər etməsinə baxmayaraq hələ də bu qara siyahıya salınmayıb. Sarkisyanın bu siyahıya salınmaması da ictimaiyyətdə böyük sual doğurur.

Reaksiya.az bununla bağlı millət vəkili Zahid Orucun fikirlərini öyrənib. O, Sarkisyanın zamanında Dağlıq Qarabağın sakini olduğunu bildirib: “Sarkisyan guya Ermənistanın vətəndaşı olaraq prezidentliyini bəyan etsə də, zamanında Dağlıq Qarabağın sakini idi və Azərbaycan SSRİ-nin tərkibində yaşadığından bu vətəndaşlığı da daşımaqda idi. Əslində, Sarkisyan, Köçəryan və digərləri Azərbaycan vətəndaşlarıdır.

Ancaq məsələnin başqa bir tərəfi budur ki, Azərbaycana qarşı erməni təcavüzü həmin insanların vasitəsilə reallaşdı. Sonradan o şəxslər Ermənistan xalqı üçün qəhrəmana çevrildilər və prezidentliyə qədər gəlib çatdılar”.

Millət vəkili Sarkisyanın da XİN-nin qara siyahısına salınmağının vacibliyini vurğulayıb: Çünki Azərbaycan Xarici İşlər Nazirliyi yanında açılmış qara siyahı ölkəmizin suveren hüquqlarını tanımayan və onun müvafiq qurumlarının nəzarətindən keçmədən Qarabağa getməyi yasaq edir. Və bu şəxsləri arzuolunmaz kimi tanıyır, onları siyahıya salır və gələcək dövrdə onlarla hər hansı bir siyasi, iqtisadi, mədəni əlaqələri qadağan edir”.

Politoloq bu məsələlərdə dünya təcrübəsində istifadə olunan qanunun normalarından çıxış etməyin lazım olduğunu söyləyib: “Bununla bağlı Gürcüstan da daxil olmaqla onlarla ölkənin praktikasında özünü göstərən işğal olunmuş ərazilər haqqında qanun mövcuddur. Orada torpaqlar üzərində bağlanmış yüz illik icarə müqavilələrindən, digər iqtisadi xarakterli fəaliyyətdən tutmuş, o cümlədən belə xarakterli xarici səfərlərə münasibətə qədər hər birinin hüquqi normativ bazası hazırlanmalıdır. O zaman Xarici İşlər Nazirliyinin deyil, həmin qanunun normalarından çıxış edərək avtomatik olaraq məsələyə yanaşmanı sərgiləyə bilərik. Düzdür, Sarkisyan hazırkı dövrdə Azərbaycan üçün bütün formalarda arzuolunmazdır. O, başqa bir cinayət işinin subyektidir”.

Şərhlər