"Analoq yayımın dayandırılması hələ tezdir" - Osman Gündüz

01.09.2015 15:26     Sosreaksiya     2629

Milli Televiziya və Radio Şurasından mətbuata verilən açıqlamada Azərbaycanda analoq yayımın bu ilin sonuna kimi dayandırılacağı bildirilib. Bu, həm də rəqəmsal yayıma tam keçidin başa çatması deməkdir.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a deyib ki, rəqəmsal yayıma keçid çox faydalıdır və əhəmiyyətlidir: "Azərbaycanda rəqəmsal keçidlə bağlı bir sıra işlər görülüb. Bu işlər arasında qanunverici bazanın hazırlanmasını, infrastrukturun qurulmasını və s. qeyd etmək olar”.

Ölkə əhalisinin 90 faizinin evində olan televizorlar analoq yayıma uyğundur. Rəqəmli teleyayım üçün nəzərdə tutulan televizorların qiyməti isə 600-700 manatdan başlayır. Hər ailənin bu televizoru almağa maddi imkanı çatmır.

Bu məsələyə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayan Osman Gündüz dekoderlərin qurulması məsələsinin hələ öz həllini tapmadığını bildirib: “Rəqəmsal yayıma keçidlə bağlı atılacaq addımlardan biri aztəminatlı ailələrə bu yayımın qəbulu üçün dekoderlərin əldə olunması üçün köməklik olunması idi. Yəni analoq yayım dayananda, xeyli sayda aztəminatlı ailələrin televizorlarında rəqəmsal yayımı qəbul etmək mümkün olmayacaqdı. Aidiyyatı qurumlar bu problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər aparırdılar. Hələ bu proses başa çatmayıb. Bu isə o deməkdir ki, aztəminatlı ailələr rəqəmsal yayıma keçilənəndə televizora baxa bilməyəcək. Mən düşünürəm ki, bu problemin həlli üçün dövlət tərəfindən aztəminatlı ailələrə müəyyən dəstək olunması düzgün olardı. Burada 30-40 manatlıq dekoderlərin əldə olunmasından söhbət gedir. Bu dekoderlər televizorlara quraşdırılmaqla rəqəmsal yayımı qəbul etməyə imkan yaradır. Təəssüf ki, bu məsələ də öz həllini tapmayıb. Mən hesab edirəm ki, Rabitə Nazirliyi və MTRŞ dərhal bu məsələni qabartmalıdırlar və dövlət bu məsələyə dəstək olsa, daha yaxşı olar”.

Qeyd edək ki, analoq televiziya yayımı deyərkən, yerüstü qurğular vasitəsilə yayım nəzərdə tutulur. Dalğalar “rele” vasitəsilə qülləyə ötürülür, həmin qüllədən yayıcılar, transmitorlar elektromaqnit siqnalları dalğalara ötürür. Evdəki teleqəbuledicilər anten vasitəsilə həmin elektromaqnit siqnalları tutur və televiziyaya baxmaq mümkün olur.

Rəqəmsal yayım isə digital formada yayımların ötürülməsidir. Yəni müasir kommunikasiya imkanlarından istifadə edərək, yayımı və səsi daha keyfiyyətli təşkil etməkdir. Əgər analoq yayımda bir resurs vasitəsilə bir kanala baxmaq mümkün olursa, rəqəmli yayım olduğu zaman ən azı 4, ən çox isə 8 kanala baxmaq imkanı əldə edirik. Mütəxəssislər rəqəmsal televiziyanı “daha keyfiyyətli görüntü, daha keyfiyyətli səs, daha çox kanal sayı” deyə izah edirlər.

Şərhlər