Aydın Abbasovdan atasının istefasına münasibət - "... düzgün deyil"

01.09.2015 15:50     Sosreaksiya     1989

Xəbər verildiyi kimi, Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini, hazırda Moskva şəhərində yaşayan Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “Azərros”dan və Ağsaqqallar Şurasının üzvlüyündən istefa verib.

Avqustun 31-də Moskvada “Azərros”un Ağsaqqallar Şurasının 14 üzvündən 12-nin iştirakı ilə baş tutan iclasında Abbas Abbasov vəzifəsindən istefa verdiyini açıqlayıb. Ağsaqqallar şurasının üzvləri 3 il ərzində təşkilatın işlərinə böyük tövfə verdiyinə görə A. Abbasova minnətdarlıqlarını bildiriblər.

Reaksiya.az bu barədə fikirlərini öyrənmək üçün A. Abbasovun oğlu deputat Aydın Abbasovla əlaqə saxlayıb.

O, atası Abbas Abbasovun “Azərros”dan istefası barədə məlumatın sözügedən qurumun rəsmi saytında yer aldığını və “Azərros”un Rusiya dövlətinə məxsus qurum olduğu üçün bu barədə açıqlama verməyin düzgün olmadığını bildirib.

"Noyabr ayında baş tutacaq parlament seçkilərində namizədliyini irəli sürəcəksinizmi?" sualını  isə Aydın Abbasov belə cavablandırıb: “Bundan əvvəl iki dəfə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişəm və bununla qürur duyuram. Hər iki halda namizədliyim məsləhət qrupu tərəfindən irəli sürülüb. Bu dəfə də, məsləhət görərlərsə, namizədliyim irəli sürüləcək. Mən dövlətimizə xidmət etməkdən şərəf hissi duyaram”.

Şərhlər