“1 sentyabr “Universitet günü” kimi qeyd edilsin” - Təklif - FOTOLAR

01.09.2015 16:27     Sosreaksiya     2024

Bu gün Bakı Dövlət Universitetinin yaradılmasından 96 il ötür.

Reaksiya.az bu tarixi günlə bağlı BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevin münasibəti öyrənib. 

O, əvvəlcə BDU-nun yaranma tarixindən qısaca da olsa danışıb: “1919-cu il 1 sentyabr tarixində Azərbaycan parlamenti 6 aylıq müzakirədən sonra universitetin təsis edilməsi haqqında qərar qəbul edib. Bu müzakirələrin mübahisəli getməsinin müəyyən məsələləri vardı. Azərbaycanda, ümumiyyətlə Qafqaz regionunda ilk dövlət unuversitetinin, Şərqdə ilk dünyəvi universitetin yaranması sadə bir məsələ deyildi. Bu məsələnin ortalığa çıxması üçün Avropa universitetlərində Azərbaycanın təhsil almış çox istedadlı gəncləri, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli və digər səxslərin bu istiqamətdə böyük xidmətləri olub. Onlar Avropada təhsil alıb Azərbaycana qayıtdıqdan və dövlət qurandan sonra ilk vəzifələrindən biri kimi də Azərbaycanda universitetin yaradılmasını gördülər. Azərbaycanda ordunun yaradılması, dövlətin milli atributlarının təsis edilməsi, vahid pulun yaradılması məsələləri ilə yanaşı ali təhsil ocağının yaradılması da qarşıya qoyulan ilk məqsədlərdən olub. Azərbaycanda universitetin yaradılmasına qarşı çıxanlar, əleyhinə olanlar da kifayət sayda idi. Ancaq avqustun son günlərində parlamentdə gərgin müzakirələr aparıldı və nəhayət ki, Fətəli xan Xoyskinin sədrlik etdiyi parlamentdə bu qərar qəbul edildi”.

Fikrət Şiriyev 1 sentyabr tarixinin Azərbaycanda rəsmi şəkildə “Universitet günü” keçirilməsini arzuladıqlarını bildirib: “Bütün dünya ölkələrinin həyatında əhəmiyyət kəsb edən universitetlərin yarandığı gün rəsmi dövlət səviyyəsində Universitet günü kimi qeyd edilir. Arzu edirik ki, 1 sentyabr tarixi də Azərbaycanda Universitet günü kimi qeyd edilsin. Bu barədə aidiyyati orqanlara müraciətlər etmişik. Azərbaycan tarixində heç bir əhəmiyyəti olmayan təşkilatların yarandığı gün rəsmi şəkildə qeyd edilir və biz buna çox qısqanclıqla yanaşırıq. İstəyirik ki, millətimizin, ziyalı təbəqəmizin formalaşmasında müstəsna xidmətləri olan BDU-nun yaradılması xalqımızın tarixində xüsusi gün kimi qeyd olunsun”. 

Şərhlər