Mülayim payız havası gəlir - Nələrə diqqət etməliyik?

02.09.2015 12:52     Sosreaksiya     3357

Artıq yay mövsümü ilə vidalaşmaqdayıq. Getdikcə isti havanı mülayim payız havası əvəz etməyə başlayır. Ayın sonuna kimi yay bütövlükdə estafetini payıza təslim edəcək. Havaların sərinləşməsi istidən əziyyət çəkənlər üçün sevindirici hal olsa da diqqət yetirməli olduğumuz məqamlar da kifayət qədərdir. İlk öncə sağlamlığımızın qeydinə qalmalıyıq, qida rasionumuza diqqət yetirməliyik, baş verə biləcək xəstəliklərlə bağlı önləmlər almalıyıq.

İstidən soyuğa düşmək orqanizmlə yanaşı insanın əhvalına da təsirsiz ötüşmür. Sərin havada işə maraq artsa da payızın özünəxas sükunəti insan əhvalına siraət edir. Xüsusən də qadınlar payızda bir daha çox sentimental ruha köklənirlər.

Reaksiya.az payız fəslindən qaynaqlana biləcək fəsadlar və onları aradan qaldırmağın yollarını araşdırıb.

Həkim-terapevt Tofiq Hacıyev suallara ətraflı aydınlıq gətirib: “Havaların kəskin dəyişəcəyi təqdirdə ürək-damar xəstəliyindən əziyyət çəkənlərdə tutmalar, təzyiqin kəskin dəyişmələri baş verə bilər. Havada nəmişlik çoxaldıqca revmatik xəstələrdə ağrılar başlaya bilər. Həmçinin bronxial-astma xəstələrində tutmalar, şəkərli diabet xəstələrində də şəkərin qalxması müşahidə edilə bilər. Payızdan sonra üzü qışa doğru getdikcə insanlarda payız depressiyası baş qaldırır”.

Həkim baş verə biləcək xəstəliklərdən qorynmağın yollarını da açıqlayıb: “Xroniki xəstələrin əksəriyyəti mövsümlə necə davranmalı olduqlarını artıq bilirlər. Yenə də həmin qaydalara riayət etməlidirlər, lazımi dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidirlər. Yuxu rejiminə, qida rasionlarına diqqət göstərməlidirlər. Bronxial-astma xəstələri özlərini soyuqdan gözləməlidirlər. Payız deprasiyası dövründə isə yaxşı olardı ki, bitki tərkibli yüngül sakitləşdiricilər qəbul etsinlər”.

Tofiq Hacıyev mövsümdə necə qida rasionunun necə olmasından da danışıb: “Qidaların mənşəyi dəqiq məlum olmadığından qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Havaların soyuması ilə əlaqədar insanlar isti xörəklərə, xəmir yeməklərinə daha çox meyl edəcəklər. Məsləhət görərdim ki, belə yeməklərə birbaşa keçməsinlər, həftədə bir dəfədən başlayaraq az-az istifadə etsinlər. Yağlı qidaları çox da məsləhət görmürəm, daha çox bitki mənşəli qidalara üstünlük verilməlidir. Meyvə-tərəvəz, göyərti məhsullarından istifadə edilməsi məqsədəuyğundur. Ət yeməklərinə gəldikdə isə yağsız ətə üstünlük vermələrini tövsiyyə edərdim”.

Şərhlər