"Nikah müqaviləsinin olmaması bir çox hallarda problemlər yaradır" - Hüquqşünas rəyi

02.09.2015 17:20     Sosreaksiya     1962

Dünya təcrübəsində nikahdan öncə “nikah müqaviləsi”nin imzalanması adi bir prosedur kimi həyata keçirilir. Ölkəmizdə isə nikah müqaviləsinin bağlanmasına münasibət heç də birmənalı deyil. Ekspertlər düşünür ki, müqavilə imzalansa da bir çox nikahlar daimi olmur. Əslində isə nikah müqaviləsinin bağlanması tərəfləri mövcud mübahisələrdən sığortalayır.

Azərbaycan Respublikası vəkillər kollegiyasının üzvü, hüquqşünas Vamiq Şükürov bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a açıqlamasında nikah müqaviləsinin ölkəmizdə məcburi olmadığını bildirib: “Bu, ailə məcəlləsinə görə könüllü xarakter daşıyır. Nikah müqaviləsinin olmaması bir çox hallarda problemlər yaradır. Yəni evlənən zaman tərəflər öz hazırki və gələcək əmlaklarının kimə məxsus olmasını və digər əmlak məsələlərini müəyyən etmədiklərinə görə gələcəkdə boşanan zaman mübahisələr düşür və tərəflərdən biri pis vəziyyətdə qalır”.

Qeyd edək ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Müqavilədə tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələr, nikah pozulduqda tərəflərə düşəcək əmlakı müəyyənləşdirmək hüququ müəyyənləşdirilir. Nikah bağlandığı gündən qüvvəyə minən müqavilə ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.

Şərhlər