Azərbaycanda daha bir yol salınır

02.09.2015 17:44     Sosreaksiya     1916

Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Azəryolservis” ASC yayıb.

Məlumata görə, layihə üzrə yolun hərəkət zolaqlarının sayı 2 olmaqla eni 12 metrdir. Asfalt-beton örtüyünün qalınlığı isə 25 santimetrdir.

Hazırda layihə üzrə sözügedən yolda bir neçə istiqamətdə işlər aparılır. Belə ki, Padardan Şamaxı istiqamətinə 0-10-cu kilometrliyində təmir işləri tam olaraq yekunlaşdırılıb. Yolun 10-27-ci kilometrlik hissəsində 3 qat asfalt-beton örtüyü döşənib. Yolun 27-37-ci kilometrlik hissəsində mövcud yol yatağı 2,5-3,5 metr qazılaraq, sağlamlaşdırma işləri aparılır. Yararsız torpaq çıxarılaraq yerinə karbonat material doldurulur və üzərinə qırmadaş qarışığı ilə əsas tikilir. Bundan başqa sürüşmə zonasında əlavə tədbirlər görülərək, su axıdıcı qurğuların tikilməsi nəzərdə tutulur.

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun 39-cu kilometrliyindən isə Şamaxıya doğru 6 kilometrlik hissədə artıq 3 qat asfalt-beton örtük döşənib və bu istiqamətdə işlər davam etdirilir. Həmin yolun 45-53-cü kilometrlik hissəsində isə yol yatağının əsası tikilir.

Yolun 54-cü kilometrlik hissəsində sel daşqınlarının qarşısını almaq üçün kiçik su ötürücüləri inşa olunur. Yolda ümumilikdə 45 su ötürücüsü və 2 alt keçidin tikintisi aparılır.

Avtomobil yolu yenidən qurulandan sonra respublikanın cənub və aran rayonlarından Şamaxı şəhərinə və əksinə məsafə dəfələrlə qısalacaq. Bu layihənin reallaşması yol üzərində yerləşən yaşayış məntəqələrinin inkişafı baxımından da çox böyük əhəmiyyət daşıyır.

Şərhlər