"Dayə uşağın ikinci anasıdır" - Psixoloq

03.09.2015 10:07     Sosreaksiya     2419

Son günlər Azərbaycanda yayılan zərərli tendensiya dayəliyin iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yerinə çevrilməsidir

Uşaq ailənin güzgüsü hesab olunur. Uşaqların gələcək inkişafı, şəxsiyyət kimi formalaşması ailədəki dəyərlərin nə qədər möhkəm olmasından asılıdır. Bunun üçün də uşaqların tərbiyəsinə xüsusi diqqət ayrılmalıdır. 

Reaksiya.az uşaqların tərbiyəsində dayələrin rolu ilə bağlı psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib.

Elnur Rüstəmov uşaqların tərbiyəsi ilə valideynlərin məşğul olmasının uşaq üçün daha yaxşı olduğunu  bildirib: "Ancaq bu gün mövcud reallığı da nəzərə almaq lazımdır. Xüsusilə gənc ailələrin böyük bir qismi işləyir. Bu səbəbdən də uşaqlarını dayələrə etibar edirlər. Əksər  Azərbaycan ailələrində dayə saxlamağa maddi vəziyyət imkan vermirsə, onlar nənə və digər qohumların köməyindən istifadə edirlər. Bir şeyi nəzərə almaq lazımdır ki, uşağın nənənin himayəsində qalmağı təqdir edilmir.  Zaman keçdikcə uşağın ərköyün böyüdüyünün şahidi oluruq, ən azından həmin uşaq nənə evində başqa davranış göstərir, öz evində isə fərqli".

Azərbaycanda dayə institutunun tam formalaşmadığını xüsusi vurğulayan psixoloq E. Rüstəmov dayə seçimində valideynlərə daha diqqətli olmağı tövsiyyə edir: "Bu gün Azərbaycanda dayə sadəcə uşağa baxmaq üçün nəzərdə tutulur. Uşağın yeməyini versin, əynini dəyişsin, evi təmizləsin, başqa sözlə həm dayə olsun, həm də ev işlərini görən insan. Bu yanaşma doğru deyil. Tarixən dayə uşağın ikinci anası kimi çıxış edib. Dayə birbaşa uşağın tərbiyəsi ilə məşğul olmalıdır.  Bu halda ondan bir sıra bacarıqlar tələb olunur".

Elnur Rüstəmov dayəliyin ayrıca peşə olduğunu vurğulayır: "Etiraf edək ki, bu gün Azərbaycanda yayılan zərərli tendensiya  dayəliyin iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yerinə çevrilməsidir. Diqqət etsək, görərik ki, dayəliklə məşğul olanların yaşı 40-dan yuxarıdır. Bu halda bəzi problemlər ortaya çıxır. Çünki sırf qazanc üçün dayəlik edən insanların öz evlərində olan problemlər və digər məsələlər səbəbilə uşaqlarla kobud davrana bilərlər. Dayəliklə bağlı ölkədə fəaliyyət göstərən bir qurum yaradılsa, daha yaxşı nəticə əldə etmək olar.  Bu valideynlər üçün də yaxşı olar, yəni onlar dayəyə ehtiyac olanda həmin quruma müraciət edərlər, əmək müqaviləsi imzalanar və hər hansı problemlər yaranarsa, hüquq müstəvisində öz həllini tapar".

Sonda psixoloq Elnur Rüstəmov valideynlərə uşaqlarını yaşı çatan kimi baxçaya göndərməyi məsləhət görüb: "Valideynlər daha yaxşı olar ki, uşaqların yaşı düşən kimi onları baxçaya göndərsinlər. Bu halda uşaqda sosial mühitdə olmanın təsiri ilə sosiallaşma prosesi sürətlənir, kollektivə uyğunlaşır, komplekslərindən müəyyən qədər azad olur. Valideynlər bu məqama xüsusi diqqət yetirsələr, yaxşı olar".

Şərhlər