"Nikah, həm də xəstəliklərin qarşısını almağa xidmət edir" - Ekspert

03.09.2015 10:56     Sosreaksiya     1905

Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin mətbuata verdiyi məlumata görə nikaha daxil olmaq məqsədi ilə tibbi müayinə üçün müraciət edən 33815 nəfərdən 21-də QİÇS virusu aşkarlanıb.

QİÇS virusu aşkarlanan 21 nəfərdən 4-nün qeyri-rəsmi ailəli olduğu müəyyən edilib. Həmin şəxslərdən birinin virusu öz həyat yoldaşına keçirdiyi üzə çıxıb. QİÇS virusunun daşıyıcıları bu barədə nikaha görə tibbi müayinədən keçənə qədər xəbərsiz olublar. Uşaqların məktəblə bağlı sənədlərinin hazırlanması zamanı yaşadıqları problemlə bağlı nikahlarını rəsmiləşdirməyə qərar verən ailə başçılarında QİÇS-ə yoluxmanın cinsi yolla baş verdiyi məlum olub. Digər üç ailədə isə QİÇS virusuna yoluxanlardan ikisi kişi, biri qadındır. Onlardan biri Rusiya vətəndaşıdır, azərbaycanlı oğlanla qeyri-rəsmi münasibətdə olsa da rəsmi nikaha daxil olmaq barədə qərar veriblər. 

Nəticələrə nəzər yetirdikdə aydın görürük ki, QİÇS virusu həmin şəxslərin nikaha daxil olmaq üçün tibbi arayış almaları üçün müraciət etdikləri zaman aşkarlanıb. Və bu fakt da tibbi arayışın üstünlüklərini bir daha sübut edir. Tibbi arayışın vacibliyi nəinki xəstəliklərin aşkar olunmasına zəmin yaradacaq, hətta gələcəkdə baş verə biləcək daha böyük problemlərin, xəstəliklərin qarşısını alacaq.

Tibbi arayışın vacibliyindən əlbəttə ki, kifayət qədər danışmaq olar. Ancaq biz bu məsələdə başqa bir məqama diqqəti yönəltmək istəyirik. QİÇS virusu aşkarlanan 21-dən 4-nün nikahdan kənar bərabərlik yaşadıqları məlum olub. Bu da nikah adətlərimizin nə qədər əsas və önəmli olduğunu bir daha təsdiq edir. Buradan aydın olur ki, biz nikahı təkcə adət-ənənələri qoruyub saxlamaq məqsədilə deyil, sağlamlığımızı qorumaq üçün də rəsmiləşdirməliyik.

Reaksiya.az ekspert-təlimçi Günel Səfərova ilə mövzu ətrafında danışıb:

Ekspertin bu məsələyə münasibəti belə olub: “Ümumiyyətlə QİÇS xəstəliyinin səbəblərindən biri kimi çinsi əlaqə yolu ilə HİV infeksiyasına yoluxmadır. Ancaq belə iddia edirlər ki, ailə modeli cinsi yolla keçən xəstəliklərinin qarşısını alır. Amma bu o demək deyil ki, ailəli insanlar bu xəstəliyə tutulmur. Məsələn, Azərbaycanda kifayət qədər çox insan Rusiyada işləyir və onların ailələri regionlarda yaşayırlar. Çox güman ki, onların çoxu cinsi münasibətlərdə qorunmurlar. BMT-nin Reproduktiv saglamlıq layihəsində ekspert olaraq iştirak etdikdə regionlarda bu problemin daha qabarıq olduğunu gördük. Eyni zamanda nəzərə almalıyıq ki, Reproduktiv sağlamlıq haqqında qanun hələ də qüvvəyə minməyib. Düzdür, nigah münasibətinə girdikdə sağlamlıq haqqında tibbi arayışın verilməsi ilə bağlı 1 iyun 2015-ci ildə qayda müəyyən edildi, amma bu, bütövlükdə bu problemin həlli demək deyil. Baxmayaraq ki, cinayət məcəlləsində xəstəliyini gizlədərək qarşı tərəfə virus keçirtmək cinayət əməlidir. Yenə də praktikada bu hallara daha çox rast gəlinir”.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Şərhlər