"Biz qatarları dartmırıq, özü gedir" - "Bakı Metropoliteni"ndən açıqlama

03.09.2015 15:29     Sosreaksiya     3510

Mətbuatda "Bakı Metropoliteni"ndə istifadəyə verilmiş son qatarlarla bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Məlumatlarda bildirilir ki, fəaliyyətdə olan yeni qatarların mühərrikləri çox zəif olduğu üçün qatarların üzü yuxarı istiqamətdə hərəkəti mümkün deyil. Nəzərə alsaq ki, "Nizami" stansiyasından "İnşaatçılar"adək gedən yol yoxuşdur. Bu baxımdan guya gecə saatlarında Ukraynadan alınmış həmin qatarlar parovozlar vasitəsi ilə "Dərnəgül" stansiyasına çəkilir. Və səhər tezdən "Dərnəgül"dən "Həzi Aslanov"a doğru hərəkət edir.

Xatırladaq ki, bu, "Bakı Mertopoliteni"nin qatarları ilə bağlı yayılmış ilk xəbər deyil. Bundan bir qədər əvvəl isə Qazaxıstandan alınmış yeni qatarlarda da problemlər müşahidə olunmuşdu. Belə ki, həmin qatarların da kondisioner sistemi düzgün işləməmişdi.

Yayılmış bu və ya digər xəbərlərdə səbəb olaraq o göstərilir ki, "Bakı Mertopoliteni" rəhbərliyi tərəfindən bu və ya digər səbəblərdən daha ucuz qiymətə qatarlar alınır və həmin qatarlar heç də yüksək standartlara cavab vermir.

Reaksiya.az "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayaraq yayılmış bu xəbərlərin həqiqətə uyğun olub-olmadığını aydınlaşdırıb.

O, bu informasiyaların yalan olduğunu bildirib: “Qatarlarımız xətdədir və hazırda da heç bir maneəsiz işləyir. Maraqlanan kəslər düşüb baxa bilər ki, qatarları kimsə dartıb aparır, yoxsa özləri hərəkət edir. Biz o qatarların yüksək səviyyədə təqdimatını keçirmişik və Cənab prezidentimiz də həmin təqdimatda iştirak edib. Təqdimatda da göstərilib ki, bu qatarlar hətta mühərrik gücünə görə əvvəlki qatarlardan daha üstündür”.

Nəsimi Paşayev mövcud yeni qatarların sayının artırılacağı barəsində də məlumat verib: “Vaqon parkımızda istismar müddətini başa vurmuş qatarlarımız yoxdur. Gələcəkdə belə qatarlar aşkar edildikcə yeniləri ilə əvəz olunacaq”. 

Şərhlər