İflic ata, baxımsız qalan uşaqlar və laqeyd cəmiyyət... - Reportaj - VİDEO - FOTOLAR

10.06.2015 17:34     Sosreaksiya     3481

Həllini gözləyən bu qədər problemlə kim məşğul olacaq?!

Problemi olanlara dəfələrlə yardımçı olan, cəmiyyətdə fəaliyyəti ilə yetərincə tanınan "Təmiz dünya" İctimai Birliyi və qısa müddətdə Azərbaycan mediyasında öz sözünü deməyi bacarmış Reaksiya.Az portalı birgə "Xilas et!" adlı layihəyə başlayıb. Layihəyə dəstək olmaq və məlumatlandırmaq üçün (012) 409 05 49 nömrəli telefona zəng edə və ya [email protected] ünvanına yaza bilərsiniz.

Layihə çərçivəsində yardıma ehtiyacı olan və problemlər içində boğulan ailələr və insanlar tapılacaq, onların problemlərini işıqlandırmaqla, aidiyyatı olan qurumlar qarşısında məsələ qaldırılacaq.

Layihə çərçivəsində ilk reportajımız Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan bir ailənin dramından bəhs edir.

Montin qəsəbəsi Mayakovski 17 binasının sakinlərinin müraciəti əsasında "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova, Reaksiya.Az-ın təsisçisi Zaur Qəriboğlu və digər yoldaşlarla birlikdə həmin əraziyə baş çəkdik.

Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Bakıda bu cür şəraitdə yaşayan insanları görmək ürək ağrıtdı...

1942-ci  il təvəllüdlü, iflic xəstəsi olan Xalidşah Baxışov, onun 16 yaşlı oğlu Vidadi, 12 yaşlı qızı Validə qayğıdan-diqqətdən kənar qalıb. Anaları (Viktoriya Parşina) 1 saylı Maştağa Ruhi Dispanserində olan uşaqların içki düşkünü olan xalaları Olya Parşina isə onların qeydiyyatda olduğu mənzili dəyər-dəyməz qiymətə satıb Rusiyadakı övladlarının yanına köçməyə hazırlaşır. Vidadinin artıq 16 yaşı var, 8-ci sinifdən məktəbə getmir. Bir qulağında eşitmə problemi olan Validə isə cəmi 3 sinif oxuyub. Onların hər ikisi əvvəl yaşadıqları ərazidə yerləşən Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alıblar və son 3 ildə nə təhsil ala bilirlər, nə də sənədləri var. "Nə aid olduqları 36 saylı MİS, nə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun rayon şöbəsi, nə Nərimanov rayon Təhsil şöbəsi, nə də Nərimanov RİH bu uşaqların taleyini yüngülləşdirmək üçün bir tədbir görmür" - hər halda, uşaqlardan və qonşulardan eşitdiklərimiz bizi bu fikrə gəlməyə vadar etdi.

Mənzilin sahibi uşaqların nənəsi Vera Parşina olub, ondan sonra isə mənzil üç bacı arasında bölüşdürülməl idi. Bacılardan biri vəfat edib, Viktoriya Parşina isə artıq 4 ildir bacısı Olyanın şikayəti əsasında Maştağa 1 saylı Ruhi Dispanserindədir.

Baxışovlar ailəsi 2011-ci ilə qədər Xətai rayonunda, Babək körpüsü yaxınlığında sənədsiz həyət evində yaşayıblar. Uşaqların dediyinə görə, yaxşı təmiri və sənədi olmayan evin əvəzində onlara "Kubinka"da başqa bir sənədsiz, iki kiçik otaqdan ibarət ev verilib. Bir müddət sonra isə o evdən də çıxarılıblar (cəmi 1000 manat pul müqabilində) və əlacsız vəziyyətdə qalan xəstə ata 2012-ci ildə övladlarıyla birlikdə onların qeydiyyatda odluqları Mayakovski 17, mənzil 18 ünvanına gəlib. Bərbad vəziyyətdə olan mənzildə sığınacaq tapmaq bu ailəyə asan başa gəlməyib.

Bizi ailənin vəziyyəti ilə tanış edən Natəvan xanım deyir ki, iflic vəziyyətində qalan X.Baxışovun cəmi 120 manat təqaüddən ibarət olan gəliri var və bu məbləği hər ay yaxınlıqdakı dükana verir, əvəzində isə gündəlik yemək üçün smetan-çörək alırlar. Uşaqların geyimi isə qonşuların sədəqəsi, köhnələri hesabına ərsəyə gəlir.

16 yaşlı Vidadi işləmək, ailəsinə əl tutmaq istəyir. O, həm də bacısı Validənin oxuması, yeni həyat yaşamasını görmək arzusundadır. Lakin onu nə işə götürən var, nə sənəd verən, nə də halıyla maraqlanan... Əksinə, daim təzyiqlər və qorxular altında yaşayan bu ailə bu-gün sabah evin satılacağını və çöldə qalacaqlarını gözləyirlər. Üfunət iyi verən mənzildə bu insanların necə yaşaması sual doğurmasın – başqa çarə yoxdur. Xala isə... Sakinlər və uşaqlar içki düşkünü olan bu qadının öz otağına qapandığını və daim içdiyini deyirlər. Əgər Xalidşah Baxışovun xəstə vəziyyətdə olduğunu nəzərə alsaq, o zaman uşaqların qəyyumu kimi Olya Parşina qalır. Bu qadın isə evi satıb getməyə hazırlaşır və uşaqların taleyi onun vecinə deyil... Vidadi xalasının onları dəfələrlə evdən qovduğunu da vurğulayıb.

Kişinin səhhəti və müalicəsi, alkoqolik qadının müalicəsi, eşitmə problemi olan azyaşlı Validənin müalicəsi və təhsili, mənzilin əsaslı təmiri və ya ədalətli bölüşdürülməsi, onların ünvanlı sosial yardımlar təminatı... Həllini gözləyən bu qədər problemlə kim məşğul olacaq?!

Səhiyyə və Təhsil nazirlikləri ilə də, yerli icra strukturları ilə də bu mövzuda əlaqə saxlayıb, onların münaisbətini almağa, məsələnin hüquqi müstəvidə həll olunmasına çalışacağıq.

Xətai rayonu 27 saylı məktəbin direktoru Cəmilə Ramazanova ilə də danışdıq. O, uşaqları tanıdığını və rəhbərlik etdiyi məktəbdə vaxtilə onlara qida ilə, geyimlə yardım göstərildiyini dedi: "Lakin sonra uşaqlardan xəbər çıxmadı. "Kubinka"ya getdiklərini eşitdik, ordan da maraqlandıq, dedilər ki, köçüblər".

C.Ramazanova ailənin taleyinə biganə olmadığını və uşaqların yenidən təhsilə cəlb olunması üçün bizimlə əməkdaşlıq edəcəyini bildirdi. Həftə içində bu məsələni diqqətdə saxlayacaq və bütün aidiyyatı olan qurumların da münasibətini işıqlandırmağa çalışacağıq.

Rüfət Əhmədzadə

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar