7 bal gücündə zəlzələ Şəkiyə ziyan vurdu
05.09.2015 11:36 Sosreaksiya 1601

Xəbər verildiyi kimi, dünən ölkənin bir çox rayonlarında yeraltı təkanlar qeydə alınıb. Baş vermiş zəlzələ müxtəlif rayonlarda müxtəlif təkanlarla müşahidə olunub. Bir çox kəndlərdə yaşayış evlərinə, ictimai-iaşə obyektlərinə ciddi ziyanlar dəyib. Şəki Şəhərinin bir neçə kəndi də həmin kəndlərin sırasındadır.
Şəki şəhər icra hakimiyyətinin başçısının köməkçisi Ziya Vəliyev Reaksiya.az-a Şəkidəki hazırkı vəziyyətlə bağlı məlumat verib. O bildirib ki, dünən zəlzələ episentrinə yaxın ərazidə yerləşən Turan qəsəbəsində, Qaratorpaq və Bolludərə kəndlərində zəlzələ şkalası üzrə 7 bal gücündə yeraltı təkanlar qeydə alınıb: “Dünən İcra Hakimiyyyətinin başçısı və Elxan Usubov Fövqəlada Hallar Nazirliyinin komissiyasının işçi quruppası tərəfindən həmin ərazilərə birgə baxış keçirilib. Nəzərinizə çatdırım ki, həmin ərazilərdə tam uçub dağılmış bina yoxdur. Tək daşla hörülmüş bir neçə hasarlar uçub dağılıb. Köhnə tikililərin divarlarında çatlar yaranıb. Uşaq baxçasının binasında ciddi dağıntı qeydə alınıb”.
Ziya Vəliyev hazırda ərazidə qorxulu vəziyyət olmadığını vurğulayıb: “Hazırda zəlzələdən ziyan görmüş tikilərin sayı barədə bizdə dəqiq məlumat yoxdur. İcra hakimiyyəti tərəfindən yaradılmış işçi quruppası dünəndən bu işlərə nəzarətə başlayıb. Bu gündən zərər görmüş evlərin, ictimai binaların sayı müəyyənləşdirilir, dəymiş ziyanın miqdarı araşdırılır. FHN-dən də ekspertlər də həmin əraziyə dəvət olunacaq və sonda ziyanın miqdarı dəqiq müəyyən ediləcək. Xoşbəxtlikdən dünənki gün üçün xəsarət alaraq Şəki şəhər xəstəxanalarına, kənd ambulatoriyalarına müraciət edənlər olmayıb. İnsanların bir qismi yeraltı təkanların təkrarən baş verə biləcəyindən ehtiyat edərək bu gecəni çöldə keçiriblər”.
Şərhlər