"Saxta geyimlərin satışı cinayətdir" - Ekspert

05.09.2015 15:53     Sosreaksiya     1955

Yeni tədris ilinin açılmasına az vaxt qalır. Hər il olduğu kimi bu il də məktəbli geyimlərinin satışında saxta geyimlər problemi    yaranıb. Bu geyimlər sadəcə parçanın keyfiyyəti ilə bir-birindən fərqlənir.

 İki gün öncə “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” və “BTE Apparel” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş  saxta məktəbli geyimlərinin satışının həyata keçirilməsi aşkarlanıb və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.

 Bununla bağlı qanunvericilikdə hər hansı bir həbs cəza tədbiri, cərimə nəzərdə tutulubmu? Ümumiyyətlə, tək məktəbli geyimləri ilə bağlı  deyil, bu kimi mövcud olan digər hallara qarşı hansı cəzalar nəzərdə tutulur?

 Reaksiya.az hüquqşünas Mehman Muradlıdan bu suallara cavab almağa çalışıb.

 O, qanunvericilikdə bu cür əməllərin cinayət olduğunu bildirib: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197-ci maddəsinə  əsasən, özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eyni cinsli əmtəələrin adına oxşar  adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda, min manatdan beş min manatadək miqdarda  cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli  miqdarda ziyan vurduqda, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu  maddənin dispozisiyasından da görünür ki, söhbət bu cür əməllərin təkrar törədilməsi cinayət sayılır”.

Hüquqşünas bu halda tətbiq olunan cərimələrin miqdarını da açıqlayıb: “Bu halda fiziki şəxslər on manatdan on beş manatadək, vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək, hüquqi şəxslər yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir”.

Hüquqşünas Mehman Muradlı qeyd olunanların əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası qanununa görə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındığı hallarda məsuliyyət yaratdığını əlavə edib.

Qeyd edək ki, xüsusi formaların tikilməsi lisenziyalaşdırılmış sahə sayılmır. Keyfiyyət məsələsinə gəlincə isə buna Standartlaşma, Metereologiya və Patent Komitəsi nəzarət etməlidir. Bununla bağlı istehlakçının malın keyfiyyəti ilə bağlı hər hansı bir şübhəsi varsa, komitəyə müraciət edə bilər. Ondan sonra bu cür keyfiyyətsiz mal istehsal edənlər haqqında hər hansı bir tədbir görülə bilər.

Şərhlər