“BakuBus” 1 nömrəli marşrut xəttini istifadəyə verəcək

05.09.2015 16:56     Sosreaksiya     2163

Sentyabrın 7-də “BakuBus” MMC yeni 1 nömrəli marşrut xəttini istifadəyə verəcək.  Reaksiya.az  xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Fransa istehsalı olan “İveco” avtobuslar 1 saylı xətt üzrə "28 May" metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçib və Koroğlu metro stansiyasına hərəkət edəcək. Uzunluğu 17,7 km olan  marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərəcək.

“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. “BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni “BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ “BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız “BakıKart”ları və daimi istifadə üçün plastik “BakıKart”ları mövcuddur.

“BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

“BakuBus” MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

 

Şərhlər