Sökülən villalar, susan parlament və köməksiz qalan qadınlar...

11.06.2015 11:22     Sosreaksiya     1665

Bakıda sahibi naməlum villaların sökülməsi prosesi bir çox müzakirələrlə yadda qaldı. Günlərin birində gözlənilmədən sahibi bəlli olmadığına və qanunsuz tikildiyinə görə sökülməsi barədə qərar verilən bu villalarla bağlı ajiotaj qısa müddət davam etdi. Mətbuat villa sahiblərinin uğursuz axtarışına çıxdı, dövlət qurumları açıqlama verməkdən ciddi-cəhdlə yayındı, bəzi tikililər söküldü... Bu proseslərin gedişində dəbdəbəsi göz qamaşdırdığı kimi şəraiti ilə də fərqlənən bu tikililərdən xalqın xeyrinə istifadə məsələsi gündəmə gəldi. Məsələn, malikanlərin sosial məqsədlərlə istifadəsi təklifi sosial şəbəkələrdə və mətbuatda müzakirə obyektinə çevrilsə də dövlət qurumları təklifə münasibət bildirməkdən yayındı. Habuki onlar dövlət başçısının diqqətinə bu təklifi çatdırmaqla yanaşı, özləri də təşəbbüslə çıxış edə bilərdilər.  Olmazdımı ki, bu malikanlərdən bəzisi  kimsəsiz uşaqlar, yaxud məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacaq məqsədilə ayrılsın? Bir halda ki, qiyməti milyonarla hesablanan tikililər var, üstəlik sahibləri bəlli deyil və gələcəkdə də hansısa iddia ilə çıxış edəcəkləri şübhə doğurur, o zaman yaranmış bu durumdan istifadə etmək daha məntiqli deyildimi? Sökülməkdə olan vilalların yerləşdiyi ərazidə yaşıllıq zolağı yaradılacağı, yaxud park salınacağı barədə xəbərlər gəzir. Amma bu, malikanələrdən bir neçəsinin sosial ehtiyac üçün ayrılmasına maneə deyil. Sadəcə məsələ ilə maraqlanan, təklifi dəstəkləmək cəsarəti göstərən və dövlət baçısının diqqətinə çatdıracaq şəxs və ya qurumlar lazımdır. Onlar isə hələ də susur.

Bununla bağlı müraciət etdiymiz Dövlət Əmlak Komitəsi bu barədə danışmaq istəmir. Bakı Şəhəri İcra Hakimiyyəti isə ancaq vilalların sökülməsi barədə tapşırığın icrası ilə məşğul olduğunu bildirib. Malikanlərin böyük əksəriyyətinin yerləşdiyi Səbael rayon İcra Hakimiyyəti məsələnin daha yuxarı səviyyələrdə həll edildiyini vurğulayıb. Danışmalı olan başqa bir kəsim- deputatlar isə susqunluq nümayış etdirir. Halbuki parlament məhz bunun üçündür-danışmaq və qanunvericilik təşəbbüsü il çıxış etmək, lazımlı təklifləri dəstəkləmək, vətəndaş cəmiyyətinin inkiaşfına yardım etmək. Sosial siyasət komitəsi bu təklifin həyata keçirilməsi üçün hüquqi bazanın olub-olmadığını aydınlaşdırmalı, mümkünlüyü variantını dəyərləndirməli idi. Komtənin sədri Hadi Rəcəblidən müəllimlərin əlavə işlə məşul olmağa çağırdığı çıxışındakı kimi bu məsələdə də operativ gözlərdik. Yaxud Musa Urud  qadınlara təkcə dünyaya neçə uşaq gətirməklə bağlı təkliflərlə kifayətlənməməli, zorakılığa məruz qalan qadınlar üçün daha yaxşı şəraitin yaradılmasına yönəlik fikirlərini bildirə bilərdi. Eləcə də parlamentin qadın deputatları ən  azından qadın həmrəyliyi göstərib məsələnin vətəndaş cəmiyyəti üzvləri ilə birgə müzakirəsini təklif və təşkil edə bilərdilər. Gözləntilərin heç biri özünü doğrultmadı. Bir tərəfdə sahibi tapılmayan villalar, həmin malikanələrin tikintisinə icazə verən və cəzalandırılmayan dövlət məmurları, digər tərəfdə həmin binalara ehtiyacı olan cəmiyyət, ortada isə müəyyən səbəblərdən istənilən yaxşı təklifi belə dəstəkləməkdən yayınan qurumlar və parlament...

 

P.S. Gürcüstanda hakimyyətə gələdiyi ilk dövrdən etibarən kriminal aləmlə mübarizə aparan prezident Saakaşvili cəsarətli addım atdı. Kriminal aləmin “xaç atası” adına iddialı “qanuni oğru” Zaxar Kalaşovun Tiflisdəki malikanəsinin dövlətin xeyrinə müsadirə edilməsi barədə tapşırıq verdi. Bünün üçün hüququ baza artıq yaradılmışdı və 30 milyon dollar dəyəri olan malikanə dövlət qurumlarından birinin balansına verildi.  Zaxar Kalaşov da artıq bununla razılaşıb və deyilənə görə uzun illərdir ki, özünün baş çəkmədiyi binanın gürcü xalqına yayarlı olmasından məmnundur...

 

Elnarə KƏRİMOVA

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar