Yuxusuzluğun yaratdığı fəsadlar - EKSPERT
06.09.2015 16:34 Sosreaksiya 3459

Amerikanın Kaliforniya Universitetində aparılan araşdırmalar nəticəsində normal yatmayan insanların viruslara yoluxma ehtimalı digər insanlarla müqayisədə dörd dəfə çoxdur. Professor Erik Praterin araşdırmasına görə 6 saatdan az yatan adamlar xəstələnməyə daha meylli olurlar. Praterin sözlərinə görə, yaşlı və gənc olmasından asılı olmayaraq yuxusuzluq soyuqdəymə daxil bir çox xəstəliyin təməl səbəbi ola bilər.
Reaksiya.az-ın yuxusuzluğun fəsadları ilə bağlı suallarını nevropatoloq Rima İbadova cavablandırıb: “Yuxu problemləri və ya yuxu xəstəlikləri insomnia və parasomniya olmaqla iki qrupa bölünür. Parasomniya sırf yuxunun non Rem ve Rem fazalarına bağlı problemləri ilə əlaqəlidir. İnsomniya isə yuxuya keçmədə çətinlik, yuxuda tez-tez kəsintilərin olması,tez ayılma, yuxunun davamiyyətinin qısalığı şəklində olur. Hər kəs həyatında 1 dəfə də olsun insomni problemi ilə rastlaşa bilər, həyat fəaliyyətində olan problem və yeniliklər ( yeni iş qazanma və ya itirmə, evlənmə, boşanma, yeni evə köçmə və s. kimi sosial problemlər) buna səbəb ola bilər”.
Rima İbadova yuxusuzluqdan əziyyət çəkən insanlara bu hal 1 həftədən uzun çəkərsə müalicə üçün nevropatoloqa müraciət etməyi məsləhət görür: “Çünki uzunmüddətli yuxusuz qalmaq insanın yaddaş, qavrama, konsentrasiya və diqqət funksiyalarına mənfi təsir edir. Hətta bəzi araşdırmalara görə immuniteti aşağı salaraq müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. Parasomniləri bəzən yuxuda baş verən epileptik sindromlarla differensasiya etməyə ehtiyac olur. Bu zaman eeq ( elektroensefaloqramma) müayinəsi köməyimizə çatır”.
Qeyd edək ki, yuxu və stress səviyyəsini araşdıran həkimlər onların bədəninə virus köçürdükdən sonra xəstəliklərə qarşı necə mübarizə apardıqlarını müşahidə ediblər. Sonda məlum olub ki, gün ərzində 6 saatdan çox yatanlar xəstəliklərdən daha tez xilas olurlar. Gündə 5 saatdan az yatanlar isə ən yüngül xəstəliklərdən belə uzun müddət əziyyət çəkirlər.
Şərhlər