Təqaüdçülər üçün şad xəbər

11.06.2015 11:46     Sosreaksiya     1836

Dövlət Sosial Müdafiə Fondu iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə Reaksiya.Az-a verilən məlumata görə, qurumun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.

Ümumilikdə bu ilin 5 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 5 ayı ərzində fondun gəlirləri 1224,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8% və ya 33,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 712,4 mln. manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% və ya 36,8 mln. manat çoxdur.

Bu ilin 5 ayı ərzində fondun xərcləri 1213,4 mln. manat olub və bunun 1192,0 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6%-ni yaşa görə, 28,5%-ni əlilliyə görə, 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Şərhlər

Çox oxunanlar