"Ustanın pulunu əvvəlcədən verməzlər"

07.09.2015 12:20     Sosreaksiya     1868

Ustalar təmir adı ilə vətəndaşlardan pul alaraq aradan çıxıblar

Bakıda evini təmir etdirmək istəyən şəxslər aldadılıb.

Reaksiya.az ustalardan həmkarlarının fırıldaqçılığı ilə bağlı fikirlərini öyrənib.

Usta Telman İsmayılov 25 ildir bu sahədə çalışsa da heç vaxt pulu əvvəlcədən almadığını deyir: "Müəyyən işlər gördükdən sonra ailəni və digər xərcləri idarə etmək üçün bir az pul alırıq. İş uzanarsa, gördüyün işə görə pul ala bilirsən. Amma əksər hallarda ödəniş iş bitəndən sonra olur. Elə hallar da olur ki, işi görüb qutarırsan, amma pul ala bilmirsən. Ustaların əvvəlcədən pul alıb aradan çıxmalarına qaldıqda isə bu hal istənilən halda təmir sahiblərinin ödəniş etməmə hallarından çox azdır".

Usta Samir Əliyev işə başlamazdan beh almağın vacib olduğunu bildirib: "İşə başlayanda umumi məbləğin 25-30%-ini beh kimi alırıq. Bu işdən asılı olaraq dəyişir. İş yaxşı gedirsə, təbii pul da almalıyıq. Mən ustaların ev sahibinə atmasını usta olması il əlaqələndirmirəm. Bu, insanın özü ilə bağlıdır, işi ilə yox. Özümün başıma gəlməsə də daha çox ustaların pulunun tam ödənmədiyini eşitmişəm".  

Qeyd edək ki, Bakı sakini Məmmədağa Hacıyev Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, bu ilin iyun ayında Mingəçevir sakini Əziz Qurbanov ondan evini təmir etmək adı ilə 5 min manat alıb. Bir neçə ay keçməsinə baxmayaq evi təmir olunmayıb. Usta isə pulu qaytarmır. 

Oxşar hadisə Bakı sakini Əzizə Əkbərovanın da başına gəlib. Usta Tərlan Mirzəyev ondan evini təmir etmək üçün 10700 manat alıb. Ə.Əkbərovanın da evi hələ təmir edilməyib.

Ustaların hər ikisi pulu aldıqdan sonra qaçıblar. Hazırda ustalar polis tərəfindən axtarılır.

Şərhlər