Ermənistanla sərhəddə mühafizə səddi çəkilir

07.09.2015 14:03     Sosreaksiya     1817

Xəbər verildiyi kimi, Ermənistan Silahlı Qüvvələri son günlər cəbhəyanı bölgələri intensiv şəkildə atəşə tutur. Tovuz rayonunun təmas xəttinə yüz metr məsafədə yerləşən Əlibəyli  kəndində yaşayış evləri və sakinlər müxtəlif vaxtlarda atəşə məruz qalırlar. Sakinləri güllə yağışından qorumaq məqsədi ilə Əlibəyli kəndində mühafizə səddinin inşasına başlanılıb. 

Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev Reaksiya.az-a açıqlamasında səddin tikintisinə bir neçə gün öncə başlandığını bildirib: “Son günlər Ermənistan ordusu Əlibəyli kəndini daha çox iriçaplı silahlardan atəşə tutur. Bunun nəticəsində bir çox evlərə və sakinlərə ciddi ziyan dəyir. Hazırda kəndin kənar hissəsində, Ermənistanla sərhəd ərazidə tikinti işləri aparılır. Bu ilk dəfə deyil, ötən il də təmas xəttinə yaxın bir neçə yerdə bu cür mühafizə səddi qurulub". 

Qeyd edək ki, tikinti işləri Beynəlxalq Qızıl Aypara Cəmiyyəti və Ərazilərin Bərpası Agentliyi tərəfindən həyata keçirilir.

Şərhlər