Jurnalistlərlər həmkarlarını həmrəyliyə səslədi

08.09.2015 13:03     Sosreaksiya     3697

Tarixdə bu gün Beynəlxalq Jurnalist Həmrəyliyi Günü kimi qeyd edilir. Bu tarix 1958-ci ildə  Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında təsis edilib.

1943-cü il sentyabrın 8-də çexoslavakiyalı jurnalist və ədəbi tənqidçi Yulius Fuçiki Berlində edam edilib. Bu beynəlxalq günün keçirilmə tarixi də məhz həmin günlə əlaqələndirilib. Fuçiki həbsxanada olarkən “Boyundakı dar ağacı ilə reportaj” kitabını yazıb. Bu kitaba görə o 1950-ci ildə, ölümündən sonra Beynəlxalq Sülh Mükafatına layiq görülüb.

Reaksiya.az “Azərbaycan jurnalistləri arasında həmrəylik varmı? Varsa bu özünü nə zaman göstərir, yoxdursa da səbəbləri nədir?” sualları ilə Azərbaycan KİV-lərində çalışan bir neçə jurnaslitə müraciət edib.

Peşəkar jurnalist Zərifə Bəşirqızı bildirib ki, həmrəy olmaq eyni hadisəyə, fakta eyni münasibət göstərmək deməkdir: “İndi bizim, bildiyimiz, vicdanlı, əli təmiz, mədəni, etikanı gözləyən, davranışına diqqət edən, bir nəsil jurnalistikanı özünə cəlb etməyi bacaran jurnalistlər ordusunun sayı azalıb və getdikcə tükənəcək. Hamını nəzərdə tutmuram, əlbəttə, çox sayda jurnalist adını daşıyanlar var ki, cibinin xatirinə hansısa məmura xidmət edir. Həmin məmurun təzyiqilə üzləşən digər həmkarına dəstək olmaq o "xidmətçi" jurnalistin ağlının ucundan belə keçmir. Çünki onun marağında başqa subyektiv amillər durur. Bu həmrəyliyə var da demək olar , yox da. Var olan həmrəylik özünü onda göstərir ki, kimsə bir təzyiqə məruz qalır, səhhətində problem yaranır, dövlət başçısına müraciət edir. O zaman dar çərçivədə sənətdaşları bu müraciəti, saytlarda yayır, işıqlandırırlar və bununla da guya həmrəylik nümunəsi göstərirlər. Anar Niftəliyevin, Nicat Dağların, Aqşin Yeniseyin, Kənan Hacının problemlərində, nəticənin müsbət və ya mənfi olmasından asılı olmayaraq jurnalist həmrəyliyini gördüm. Amma bu həmrəyliyi ad çəkmək, ruhuna toxunmamaq üçün, qabartmaq istəmədiyim jurnalistlərə münasibətdə görmədim. Kənan Hacıya hər jurnalist maddiyyatına uyğun kömək etsə, elə bilirsən, ona lazım olan məbləğ yığılmazmı? Mahal İcmayıloğlunun qızının atasına ünvanladığı "AĞI"nı oxudum. Qaçaraq banka gedib hesabı yoxlayan qız cəmi BİR manatla qarşılaşır. Dəhşətdi. Hamı yox ki, "dostlar"ı Ramazan ayında savab qazanaydılar. Darda qalana əl uzatmaq bizim mentalitetdə var. Bu həmrəylik hər hansı jurnalist təzyiqə, təhqirə məruz qalanda özünü göstərirsə, mən bunu yox sayıram. Toyda, şənlikdə "jurnalistlər belə etdilər, falan etdilər" kimi mənasız şüarları qəbul etmirəm. Hər şənliyə dəvət alan dəvəti qəbul edir. Onda gərək bir-birinin ətini yeyən müğənnilərdən yaxşı həmrəylik göstərən olmasın. Yaxşı ki, hələ Jurnalist Qadınlar Birliyi, Jurnalistlər Birliyi var. Nə zaman jurnalistlər toplaşıb hansısa həmkarının problemini çözüb? Uzağa getmə, ətrafına bax!!!. Onların bir -birinə münasibəti jurnalistikanı peşə olaraq deyil, "ÇÖRƏK AĞACI" kimi görməyə başladıqları anda bitdi. Reketçiliyə girişdikləri zamanda sonuclandı. Jurnalistlərin hər hansı hadisəyə oxşar münasibəti həmrəylik adlanır, ona görə ki, onların münasibəti cəmiyyətə ötürülür, yayımlanır. Sadəcə oxucu da bunu "maşaallah jurnalistlər bir- birini necə dəstəkləyir" kimi qəbul edirlər. Cəmiyyətin psixologiyası dəyişib, maddi durumu dəyişib, həyata baxışı dəyişib, ən ağır faciəyə münasibəti dəyişib. Deyirsən, jurnalistlər dəyişməsin, həmrəy olsun? Bu o qədər də asan yoluna qoyulan məsələ deyil”.

Ramilə Qurbanlı üç sualı bircə cümlə ilə maraqlı və özünəməxsus cavablandırıb: “Azərbaycanda jurnalistika olanda onlar arasında həmrəylik də vardı...”

Mətanət Ağamirli hesab edir ki, bu gün jurnalistlərin həmrəyliyinin vacibliyini xatırladan bir gündür. “Bu baxımdan məlum olduğu kimi Azərbaycanda da kifayət sayda fəaliyyət göstərən peşəkar, nüfuzlu qələm sahibləri var. Və əksər zamanlarda, lazımi anlarda media mənsublarının bir araya gəlib istər sosial şəbəkələrdə, istərsə də canlı ünsiyyətdə həmrəylik nümayiş etdirməsinin şahidi olmuşuq. Bu, əsasən Vətən, Azərbaycançılıq, ölkə, Dağlıq Qarabag problemi ilə bağlı məsələlərlə bağlı olub. Bu baxımdan düşünürəm ki, Azərbaycan jurnalistləri əsas məsələlərdə həmrəylik sərgiləyirlər. Amma elə məsələlər ola bilər ki, jurnalistlər hamısı eyni mövqedən çıxış edə bilməsin. Məlum oldugu kimi yüzlərlə KİV-lər, minlərlə jurnalistlər fəaliiyyət göstərir. Təəssüf ki, bu gün jurnalistikadan anlayışı, xəbəri olmayan, müxtəlif məqsədlərlə bu sahəyə üz tutan insanlar da var. Nəzərə alsaq ki, “reket jurnalistlər”, öz şəxsi marağına xidmət edən jurnalistlərdən də hali deyilik. O zaman təbii olaraq ortaya “bu tip “jurnalistlərlə” necə həmrəy olmaq mümkündür” sualı çıxır. Ümumiyyətlə, jurnalistika elə bir sahədir ki, jurnalist məsələyə şəxsi deyil, ümumi mənafedən mövqe sərgiləməyi bacarmalıdır. Yəni jurnalistlərin həmrəyliyi elə onların məsələlərə obyektiv, ümumi mənafedən yanaşmasıdır. Sohbət əlbəttə böyük və ciddi məsələlərdən gedir. O ki, qaldı xırda, kiçik nüanslara, belə hallarda jurnalistlərin də təbii ki, şəxsi qənaəti, müəyyən fikir ayrılıqları ola bilər. Təkrar edirəm ki, ölkəmizin, dövlətçiliyimizin, cəmiyyətimizin inikişafı məsələlərində KİV mənsublarının çox böyük qismi eyni mövqedədir, həmrəydir. Bu da çox sevindiricidir”.

Azər Qismət Azərbaycan jurnalistləri arasında həmrəylik yox, dostluğun olduğunu söyləyib: “Hər hansı tədbirdə üz-üzə gələn jurnalistlərin dostluq münasibətləri özünü aydın şəkildə göstərir. Bəzən tədbirdən sonra bir yerə gedib söhbət edir, ötən günləri yada salırlar. Ümumiyyətlə, jurnalistlər bir yerə düşdüsə orada güclü zarafatlar və maraqlı söhbətlər olur. Mənim bəzi tələbə yoldaşlarım müxalifət mətbuatında çalışır. Biz bir yerdə olanda hər şeydən danışırıq, təkcə siyasətdən başqa. Həmrəyliyin olmamasına gəlincə, bu, jurnalistlərin işlədiyi mətbuat orqanlarının siyasəti ilə bağlıdır. İqtidar jurnalisti açıq-aşkar müxalifət mətbuatında çalışan jurnalisti müdafiə edə bilmir, ya da əksinə. Bunu 2 səbəblə izah etmək olar. Birincisi, müxalif jurnalistin yazdığı məqalələr həqiqətən də iqtidar jurnalistinin düşüncələri ilə üst-üstə düşmür. İkincisi, bu həmrəyliyin olmaması iş yerinin itirilməsi qorxusu ilə bağlıdır. Amma ümumilikdə, bütün jurnalistlər açıqda olmasa da, subyektiv fikirləri ilə kiminsə döyülməsi, öldürülməsi ilə barışmırlar. Çünki, təkcə jurnalist – jurnalistin həyat və fəaliyyətinin necə çətin olmasını anlayır”.

“Jurnalistlərin Beynəlxalq Həmrəylik Gününü qeyd etməyə, yaxud mətbuatımızın örnək ismlərinin məzarı, abidəsi başına eyni vaxtda 100 jurnalist toplaşa bilmirsə, demək biz hələ həmrəy ola bilməmişik” deyənə Elşad Paşasoy jurnalistlərin həmrəy olmadığını vurğulayıb: “Əslində bu gün qloballaşan dünyada həmrəylik bəlkə də nisbi məsələyə çevrilib. Hətta adam bəzən düşünür ki, hansısa laboratoriyalarda cəmiyyətlərin, cəmiyyətlərdəki ən müxtəlif sahələrin parçalanması üçün çeşidli planlar hazırlanır. Bu mənada Azərbaycan da eyni problemdən kənarda qalmayıb. Konkret olaraq Azərbaycan mətbuatına gəldikdə, deyə bilərəm ki, vəziyyət heç də ürəkaçan deyil. Düzdür, jurnalist həmrəyliyinin bir sıra pozitiv nümunələrinə də rast gəlmişik. Lakin ümumi götürəndə jurnalistikamızın həmrəy olduğunu deyə bilmərik. Statistikaya baxaq, ölkədə rəsmi qeydiyyatdan keçmiş 5 minə qədər KİV var, bu media orqanlarında minlərlə jurnalist, yaxud jurnalist adına iddia edənlər çalışır. Mətbuat dördüncü hakimiyyət rolunu həm də ona görə oynaya bilmir ki, jurnalist həmrəyliyinə nail ola bilməmişik. Bu həmrəyliyin yolunu kəsən amillər sırasında mətbuatın birliyini özünə təhlükə sayan çevrələrlə yanaşı, jurnalistikaya qazanc mənbəyi kimi baxan, özünü "jurnalist" sayanlar da kifayət qədər neqativ rolunu qeyd etməliyik. Təəssüf ki, vəziyyət belədir. Onlara həmrəylik sadəcə sərf etmir, "öz bazarları" var deyə. Həmrəy olmalı kəsim, gerçək jurnalistikada isə yersiz iddialar, təbəqələşmə kimi mənfi tendensiyalar yolumuzu kəsir”. 

Azərbaycan jurnalistləri arasında həmrəyliyin əvvəlki dövrlərlə müqayisədə çox zəif olduğunu deyən Aqil Camal bunun səbəblərini də açıqlayıb: “Bunun bir sıra səbəbləri var. İlk növdəbə ölkə mediasındakı qütbləşmə, jurnalistlərin iş yerlərini qorumaq naminə, sərbəst fikir azadlıqlarından imtinaya məcbur olması kimi səbəblər lazım olan məqamda jurnalist ordusunun həmkar həmrəyliyi nümayiş etdirməsinə mane olur. Bundan başqa, jurnalist birliklərinin əvvəlki dövrlərdən fərqli olaraq, bütövlükdə media camiəsini deyil, müəyyən qrup jurnalistlərin maraqlarını müdafiə etməsi də, bu məsələdə özünü göstərir. Bununla belə, kövrək olsa da, bəzi “yumşaq mövzularda” jurnalist həmrəyliyi mövcuddur. Xüsusilə, sağlıq durumunda problemi olan jurnalistlərin məsələsinin ictimailəşməsi mövzusunda jurnalistlər ortaq mövqe nümayiş etdirə bilirlər. Bunun özü də, təqdir olunası işdir".

Xalid Vahidoğlu Azərbaycan jurnalistləri arasında həmrəyliyi görmədiyini təssüflə qeyd edib: “Azərbaycan jurnalitləri peşə həmrəyliyini unudarıq təbəqələşib. Hər bir jurnalist işlədiyi media orqanına yaxın olan düşərgənin mövqeyini ifadə edir. Nə yazıq ki, bu gün jurnalistlər və jurnalist təşkilatları nə həmkarları döyülərək öldürüləndə, nə həmkarları həbs olunanda, nə hansısa həmkarı təzyiqə məruz qalanda həmrəylik edə bilmədi. Bu həmrəyliyi hətta jurnalistlər üçün müsbət addımlar atılanda da göstərə bilmədilər. Jurnalistlər üçün dövlət tərəfindən tikilən mənzillər paylanılarkən, nə yazıq ki, bir-birinin başına külqabı atan həmkarlarımız da var. Amma düşünürəm ki, jurnalistika ictimai maraqların müdafiəsində dayanmalıdır. Ümid edirəm ki, ölkəmizdə də jurnalistlər bu ümdə vəzifəsini dərk edərək ictimai maraqlar naminə həmrəy olmağı nə zamansa bacaracaq".

Anar Niftəliyev isə hesab edir ki, Azərbaycanda jurnalist həmrəyliyinin olmamasını demək mümkün deyil: “Əlbəttə, ənənəvi medianın böyük nüfuzu olduğu dövrdə - 90-cı illərdə bu həmrəylik daha güclü idi və hazırda da həmin dövrü yaşayan və yeni medianın aparıcı simaları olan şəxslər bu ənənəni maksimum yaşatmağa çalışırlar. Bəzən elektron mediada bir fərqli yanaşmanın da şahidi oluruq. Əsasən, gənclər daxili rəqabətlə jurnalist həmrəyliyinin sərhədlərini qarışdırırlar. Elə güman edirlər ki, rəqabət hər yerdə özünü göstərməlidir və bu da yanlış nəticələrə gətirib çıxarır. Ancaq peşəkar jurnalistlərimizin, xüsusilə müstəqil mediamızın ilk illərindən mediada olan və o məktəbi keçən peşəkarların baxışları fərqlidir. Onlar rəqabətin də, həmrəyliyin də yerini gözəl bilirlər və yaxşı hal odur ki, bu insanların elektron media orqanlarının böyük əksəriyyətində rəhbərlik də təmsil olunması jurnalist həmrəyliyinin qorunmasını şərtləndirir”.

 “Jurnalistlər arasında heç bir həmrəylikdən söhbət gedə bilməz” deyən Amil Hacıyev bildirib ki, indi sadəcə qruplaşmış jurnalistika var: “Kim haradan maliyyələşirsə oranın mənafei uğrunda mübarizə aparır. Hətta eyni maliyyə qaynağı olan redaksiyalar arasında da münaqişələr var. Belə olan halda hansı həmrəylikdən danışa bilərik...”

Sorğuda iştirak edən yeganə jurnalist Ağa Cəfərli olub ki, bu gün münasibəti ilə bütün jurnalist həmkarlarını təbrik edib. Və çox yüksək səviyyədə olmasa da jurnalistlərimiz arasında həmrəylik olduğunu qeyd edib: “Buna misal olaraq jurnalist Rasim Əliyevin qətli ilə bağlı onların sərgilədikləri mövqeni göstərmək olar. Jurnalistlər gücləri çatan səviyyədə, müəyyən realıqları da nəzərə almaqla bu qətli pisləməyə, jurnalist həmrəyliyi göstərməyə cəht etdilər. Doğrudur, bəzi jurnalistlər baş verən hadisəni bilib gizlətməkdə ittiham edilən futbolçu Cavid Hüseynovun zaminə buraxılması üçün prezidentə müraciət etdilər. Amma onların bir çoxu sonradan səhv etdiklərini bildirdilər: bəziləri sosial şəbəkələr vasitəsilə, bəziləri isə şəxsi söhbətlərdə. Bəziləri isə ümumiyyətlə bu müraciətdən xəbərsiz olduqlarını bəyan etdilər. Həmrəylik istiqamətində vəziyyət budan da yaxşı ola bilər. Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq vəziyyətin həmrəylik baxımından o qədər də pis olmadığını görərik”.

P.S. Reaksiya.az kollektivi də Ağa Cəfərlinin təbrikinə qoşularaq bu gün münasibəti ilə bütün jurnalistləri təbrik edir və hər zaman həmrəy olmağa çağırır.

Şərhlər