Masazırdakı evlər köçürülə bilərmi?

08.09.2015 13:34     Sosreaksiya     2106

Xəbər verildiyi kimi, baş verən son yeraltı təkanlardan sonra ölkə prezidentinin tapşırığı ilə zəlzələ baş verən ərazilərdə tədqiqatlar aparılıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi baş verən zəlzələdən sonra aparılan monitorinqin ilkin nəticələrini açıqlayıb. Xatırladaq ki, sentyabr ayının 4-dən sonra 50-dən çox zəlzələ qeydə alınıb.

Mərkəzin məlumatında qeyd olunub ki, Masazır qəsəbəsində təhlükəli zona mövcuddur. Həmin ərazidə bitum (qır) yatağının üzərində binalar, fərdi yaşayış evləri tikilib. Həmin evlərdə, binalarda yaşayan sakinlər dərhal köçürülməlidir.

Mərkəzin yaydığı məlumata baş nazirin müavini Abid Şərif münasibət bildirib. Nazir müavini bildirib ki, həmin ərazidə mövcud olan 1100 ev 1990-cı illərdə tikilib və evlərin əksəriyyətinin də tikintisi üçün müvafiq razılıq alınmayıb: “Azərbaycan Milli Elmlər Akademiyası həmin ərazidə bitum yatağının olduğunu bildirir, amma bizdə bununla bağlı konkret məlumat yoxdur. Ərazidə baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün Fövqəlada Hallar Nazirliyinin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlərin görülməsi ilə bağlı rəyə gəlmişik”.

Nazir müavini, həmçinin onu da vurğulayıb ki, bu gün həmin ərazidəki evlərin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil və orada elə bir ciddi problem gözələnilmir.

Şərhlər