"Nəriman Qasımoğlu kimi ilahiyyatçılar dini mətnləri təhrif edirlər" - EKSPERT RƏYİ

08.09.2015 14:01     Sosreaksiya     5504

Şərqşünas, Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi Nəriman Qasımoğlunun hicabla bağlı fikirləri cəmiyyət arasında birmənalı qarşılanmayıb. O, müqəddəs kitabda yer alan “hicab” sözünün baş örtüyünə heç bir dəxli olmadığını,  Quran termini olaraq 7 ayədə keçən bu sözün, “pərdə”, “örtük” anlamında işləndiyini və bu ayələrin heç birində də qadınların baş örtüyünə işarə olunmadığını bildirib.

Reaksiya.az hicaba olan bu və digər yanaşmalarla bağlı ilahiyyatçı-alim Əkrəm Həsənovun fikirlərini öyrənib.

Əkrəm Həsənov dinlə bağlı səslənən bu tip fikirlərin ilk olmadığını söyləyib: “Bu gün bir çox ilahiyyatçılar vardır ki, onlar şəriətdə olan mühüm mənbələri qəbul etmir və dinimizdə bizə bildirilən tutarlı və əsaslı hökmləri inkar edirlər. Nəriman Qasımoğlu kimi ilahiyyatçılar dini mətnləri təhrif edirlər. Yaxud da elələri var ki, şəriətimizin əsas qaynağı olan hədisləri belə inkar edir. Buna misal olaraq bildirək ki, dinimizin mənbə və qaynaq olaraq üç əsasından birincisi Qurani Kərimdir, ikincisi hədislərdir ki, buna sünnə (yol, metod) da deyilir, üçüncüsü isə bu xətdə olan din alimləridir. Bu üç əsas qaynaq olmadan biz dinimizi doğru, düzgün anlaya bilmərik. Bu gün hədis, sünnə (yol, metod) inkarçıları da yalnış fikirlərə düşüb dinimizin əslində olan hökmləri də cürətlə inkar edirlər. Bu dini hökmlərdən biri də müsəlman qadınların özlərini naməhrəmdən qorumaları üçün hicab taxmalarıdır”.

İlahiyyatçı-alim Ə.Həsənov hicabı Allahın qadın qullarına əmri kimi dəyərləndirib: “Allah təala Öz vəhylərini insanları islah etmək üçün nazil edib. Vəhy vasitəsi ilə bildirdiklərini də insanların xoşbəxtliyi üçün göndərib. Bu vəhylərdən biri də Öz qadın qullarını örtülü saxlamalarını əmr etməsidir ki, bu da dində hicab adlanır. Hicab qadına olan böyük sayqıdır, hörmətdir, onun şərəfini uca tutmaqdır. Allah təala buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab:59). Оnu inkаr еdənlər üçün аtəşdən pаltаr biçilib; bаşlаrınа dа qаynаr su töküləcək” .

Əkrəm Həsənov qadınların hicab geyinərkən müəyyən məsələlərə diqqət etməli olduğunu vurğulayıb: “Hicab – dar olmayan, qadının bədənini başdan ayağa örtən, üzündən, əllərindən başqa bədənin hər yerini örtən geyimdir. Hicabın özü də zinət kimi olmamalıdır, yəni paltarın üstündə bəzəkli naxışlar, cürbəcür rənglər olmamalıdır. Çünki bu, naməhrəmlərin onun naxışlı və bəzəkli paltarına baxmasına səbəb ola bilər və onları cəlb edər və elə hicabın özü də zinət kimi olar, halbuki Allah deyir, “zinətlərini gizlətsinlər!”.

Qeyd edək ki, “hicab” sözü “həcəbə” felindən düzəlib, bizim dilə tərcümədə bağlamaq, örtmək, örtük çəkmək, gizlətmək mənalarını verir.

Şərhlər