"Jurnalistlərin həmrəyliyinin mahiyyəti də dəyişib" - İlqar Rəsul

08.09.2015 16:53     Sosreaksiya     1776

Xəbər verdiyimiz kimi bu gün Beynəlxalq Jurnalist Həmrəyliyi Günüdür.

Jurnalist, yazar İlqar Rəsul  Reaksiya.az-a jurnalistlər arasında həmrəyliyin hansı formada olmasından danışıb.

O, zaman keçdikcə həmrəyliyin mahiyyətinin dəyişdiyini bildirib: “Media Azərbaycanda yeganə institutlardandır ki, müstəqillik uğrunda xalq hərəkatı illərində, ondan sonrakı keçid dövründə də ən işlək mexanizmlərdən biri olaraq qalmağı bacarıb. Heç şübhəsiz ki, bu da Azərbaycan jurnalistlərinin müstəsna xidmətləri nəticəsində mümkün olub. Bu məsələdə əlbəttə ki, Azərbaycan jurnalistlərinin həmrəyliyi də özünü açıq şəkildə büruzə verir. Həmin həmrəylik bu gün də davam edir. Ancaq zaman keçdikcə, dövrün tələbləri dəyişdikcə, nəsillər yeniləşdikcə, jurnalistlərin həmrəyliyinin mahiyyəti də dəyişib. Bu gün bu həmrəylik deyək ki, daha çox hansısa jurnalistin xəstələnməsi, yaxud fiziki təzyiqə məruz qalması məsələlərində daha çox ortaya çıxır. Jurnalistlərdən kimsə ağır xəstəliyə düçar olanda media bu məsələni gündəmdə saxlamaqla, birgə müraciətlər imzalamaqla onun dövlət tərəfindən müalicəsinə nail olur. Yaxud kimsə, hətta cüzi fiziki təzyiqə məruz qalanda media hüquq-mühafizə orqanlarının diqqətini bu məsələyə yönəltməkdə, hətta dövlət rəhbərlərinin baş verən hadisədən xəbər tutmasında birgə fəaliyyət göstərə bilir”.

Yazar jurnalistikada olan hazırkı həmrəyliyi qaragüruhçuluq kimi qiymətləndirib: “Son vaxtlar müşahidə etdiklərimdən deyə bilərəm ki, bəzən jurnalistlər gözüyumulu şəkildə həmrəylik nümayiş etdirirlər. Məsələn, məhkəmə qərarı olmadan bir qrup jurnalist kimisə cinayətkar adlandırır, təhqir edir, başqa bir qrup jurnalist isə sözügedən şəxsin cinayətkar olmadığı barədə məhkəmə qərarı olmadan həmin adamın azadlığa buraxılması, yaxud zaminə buraxılması üçün dövlət başçısına müraciət edir. Hesab edirəm ki, jurnalistlərin həmrəyliyi yalnız özünümüdafiə, özünüqoruma instinktinə söykənməməlidir (bu, əsas məqamlardan biri olsa da ). Fikrimcə, həmrəylik həm də cəmiyyətin düşüncəsində jurnalistlərin obyektivliyinə xələl gətirməyəcək qədər məntiqli və əsaslı olmalıdır. Təəssüf ki, son dövrün bəzi hadisələrində bunun əksini də müşahidə edirik. Bəzi məsələlərdə, hətta qruplaşmaların, öz maraqlarından çıxış etmələrin, hansısa sifarişlərin yerinə yetirilməsinin həmrəyliyi də müşahidə olunur. Bu kimi həmrəyliklər, əlbəttə ki, medianın bir institut kimi müəyyən qədər öz nüfuzunu qoruyub saxlaya bilməməsinə də gətirib çıxardır. Bütün bunların əsas səbəbi isə hazırda jurnalistikaya şəxsi məqsədləri üçün gələnlərin sayının əvvəlki illərlə müqayisədə xeyli artması ilə bağlıdır”.

İlqar Rəsul yekun olaraq vurğulayıb ki, bu gün Azərbaycanda jurnalistlərin həmrəyliyi var, amma o, heç də həmişə obyektiv deyil.

Şərhlər