"Asan radio"nun yayım vaxtı açıqlandı - EKSKLÜZİV

08.09.2015 18:53     Sosreaksiya     3611

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə  (Asan xidmət) 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Bu barədə Reaksiya.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov əvvəllər Asan xidmət əməkdaşları üçün nəzərdə tutlan radionun artıq vətəndaşlara da xidmət edəcəyini bildirib: “Bizim artıq iki ilə yaxındır ki, "Asan xidmət" mərkəzləri çərçivəsində radiomuz fəaliyyət göstərir. Bu sırf "Asan xidmət" mərkəzlərinin əməkdaşlarının gündəlik məlumatlandırılmasının həyata keçirilməsi ilə bağlı, onların səhər işə daha xoş əhval-ruhiyyədə və motivasiyada başlaması üçün yönəlmiş bir layihə idi”.

Anar Hüseynov bu layihənin ölkə başçısının dövlət xidmətləri sahəsində ixtisaslaşmış radio yardılması ilə bağlı tapşırğı ilə gerçəkləşdiyini vurğulayıb: “5 saylı Asan xidmət mərkəzinin açılışında cənab prezidentə "Asan Xidmət"in gördüyü fəaliyyət barədə ətraflı məlumat verilib. Və bildirilib ki, ümumi mərkəzlərin fəaliyyəti ilə bağlı ölkə vətəndaşlarının göstərilən xidmətlə bağlı çoxlu sayda müraciətləri var, göstərilən xidmətlə bağlı, zəruri sənədlər, prosedurlar, dövlət rüsumları ilə bağlı və s. Biz fəaliyyətə başladığımız ilk gündən proaktiv şəkildə işimizi qurmuşduq. Biz vətəndaşlara bu xidmətlərlə bağlı geniş məlumat verirdik. Biz sosial şəbəkələrdə, qısa müddət ərzində ən aktiv fəaliyyət göstərən dövlət qurumlarından biriyik. Hazırda "facebook" sosial şəbəkəsində səhifəmizin 325 minə yaxın istifadəçisi var. Və gün ərzində müxtəlif xidmətlərlə bağlı 300 - dən çox vətəndaş müraciəti daxil olur. Bundan əlavə, bizim çağrı mərkəzimiz var ki, bura gün ərzində xidmətlərlə, mərkəzlərin fəaliyyəti ilə əlaqəli yüzlərlə, minlərlə zənglər daxil olur. Bunlarla yanaşı, bizim sayt üzərindən online çat versiyası da fəaliyyət göstərir. Regionlarda fəaliyyət göstərən səyyar xidmət, poçt ünvanımlarımız vasitəsi ilə çoxlu sayda müraciətlər olur. Ölkə prezidentinin də iştirak etdiyi 5 saylı Asan xidmət mərkəzinin açılışında bu layihənin təqdimatını həyata keçirdik”.

"Asan xidmət" sözçüsü radionun onlara daha geniş auditoriyaya çıxmaqla daha çox vətəndaşa xidmət etmək imkanınını xüsusi diqqətə çatdırıb: “Həm bu müraciətlər, həmçinin kütləvi informasiya vasitələrindən də bizə müxtəlif prosedurlarla bağlı daxil olan çoxsaylı müraciətlərlə bağlı bizim yerli radiostansiyalardan birində “Asan cavab” adlı layihəmiz də var idi ki, həmin radio verilişində canlı yayımda vətəndaşlar zəng vurur, suallarını ünvanlayır və operativ şəkildə cavab alırdılar.Artıq biz dövlət xidmətləri sahəsində ixtisaslaşmış bir radio kimi fəaliyyət göstərməyi nəzərdə tutmuşuq. Bununla da biz düzgün və operativ məlumatlandırmada daha geniş auditoriyaya çıxış imkanı əldə edəcəyik. Bu radionun yaradılmasında əsas məqsəd dövlət strukturlarına etimadın gücləndirilməsinə xidmət etməkdir”.

Anar Hüseynov "Asan radio"nun yayım vaxtını açıqlayıb: “Artıq lisenziyanı əldə etmişik. Biz lazımi infrastruktrla təmin olunduqdan sonra  ən qısa zamanda radionun başlanmasını nəzərdə tutmuşuq”.

Şərhlər