90 min insan təxliyə olundu - VİDEO

10.09.2015 14:29     Sosreaksiya     2154

Yaponiyada 90 mindən çox sakin daşqın və sürüşmələrə görə öz evlərindən təxliyə olunublar.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə nəticəsində hələ ki, bir nəfərin itkin düşdüyü, 12 nəfərin isə xəsarət aldığı deyilir. Lakin ölən və yaralıların artacağı istisna deyil. Suyun səviyyəsi o qədər yüksəkdir ki, vertolyotlarda xilasedicilər evlərin damlarından yerli sakinləri təxliyyə edirlər.

Yaponiyanın Dzyosonun şəhərində Kinuqava çayının daşması nəticəsində artıq ən azı 22 min insana zərər dəyib, bəziləriin evləri qismən, bəzilərinki isə tamamilə suyun altında qalıb.

Leysan yağışlar Yaponiyanın şimal-şərq və mərkəzi hissəsində bir çox dəmir yolu xətlərində qatarların, o cümlədən sürətli “Şinkansen” ekspresslərinin hərəkətinin dayanmasına səbəb olub.

                                                                                                       

Yaponiya Meteorologiya İdarəsinin məlumatına əsasən, ölkənin şimal-şərq və mərkəzi hissəsində son üç sutka ərzində 600-700 millimetr yağıntı düşüb. Sentyabrın 8-dən başlayaraq “Etau” tufanı və tezliklə Yaponiya sahillərinə çatacaq “Kilo” tropik qasırğası nəticəsində güclü yağışlar müşahidə olunur. Sentyabrın 9-da onlarla aviareys də təxirə salınıb.

Leysan yağışları hal-hazırda da davam edir və güclü küləklə müşayiət olunur. Yaponiya höküməti 500 mindən çox insana öz evlərini tərk etməyi məsləhət görür.          

Tokionun şimalında yerləşən İbaraki və Toçiqi əyalətlərində də çayların daşması və torpaq sürüşmələri nəticəsində fövqəladə vəziyyət elan edilib. 200 mindən çox insan təcili təxliyə barədə xəbərdarlıq alıb, onlarla ev su altında qalıb, 1600 evə isə elektrik enerjisi verilişi kəsilib.

Əhalinin bir hissəsi ərazidəki xüsusi təxliyə mərkəzinə yerləşdirlib. Həmin əyalətlərdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün milli özünümüdafiə qüvvələrinin bölmələri cəlb edilib.

Şərhlər

Çox oxunanlar