Orduya könüllülər toplanır - "Döyüşməliyik"
10.09.2015 16:59 Sosreaksiya 2130

Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşan laçınlılar milli ordu sıralarına könüllü yollanmaq üçün toplanıb.
Reaksiya.az ANSPESS-ə istinadən xəbər verir ki, Azərbaycan ordusu ilə həmrəy olduqlarını nümayiş etdirən yüzlərlə laçınlı mərkəzi meydana axın edib.
Uşaqlıq illərində, keçirdiyi qəzada bir qolunu itirən Laçın sakini Firdovsi Təhməzov I qarabağ müharibəsinə könüllü olaraq yollanır. Fiziki qüsuru olduğu üçün əvvəl onu ordu sıralarına götürmək istəməsələr də, fikrində israrlı olan vətənpərvər arzusuna nail olur. Firdovsi döyüş yoldaşları ilə birgə əməliyyatlarda iştirak edir, kəşfiyyatçı kimi fəaliyyət göstərir. İşğal nəticəsində doğma yurdunu tərk etmyə məcbur olan Firdovsi Təhməzov 23 ildir Laçın uğrunda yenidən döyüşə girməyin həsrəti ilə yaşayır. Bu gün Azərbaycan bayrağını götürərək həmyerliləri kimi Ağcabədinin Taxtakörpü ərazisindəki mərkəzi meydana gəlmə səbəbinin də elə bu həsrət olduğunu deyir Firdovsi.
"Mən laçınlı balasıyam, Laçının suyunu içmişəm, döyüşməliyəm, qolum oldu, olmadı. Fikrim var ki, Laçına bayrağı mən sancam" -deyə Firdovsi Təhməzov bildirib.
Meydana toplaşanlar arasında təkcə Taxtakörpü ərazisində deyil, respublikanın müxtəlif bölgələrində məskunlaşan laçınlılar da var idi. Dədə baba yurdundan uzaqda doğulub böyüyən laçınlı gənclər də ordu sıralarına yazılmaq üçün meydanda hazır vəziyyətdə gözləyirlər.
2 mindən çox laçınlının qatıldığı tədbir təqribən 1 saat davam edib. Laçınlılarla yanaşı tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları və rayon rəhbərliyi də iştirak edib.
Şərhlər