Millət vəkili ön cəbhədəki ailələrlə görüşdü

11.09.2015 17:19     Sosreaksiya     1971

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində mülkü vətəndaş Mayıl Ağacanova məxsus olan və Ermənistan hərbçiləri tərəfindən yandırılan evdə olub.

Mayıl Ağacanov millət vəkilinə söyləyib ki, evin hədəfə alınmasından 15-20 dəqiqə öncə, Ermənistan silahlılarının atəşkəsi pozmasını silah səslərindən hiss edən kimi ailə üzvlərini evdən çıxarıb: “Allah göstərməsin, evdə olsaydıq, daha ağır faciələr yaşayardıq. Azərbaycan Silahlı Qüvvələrinin, ordumuzun düşmənə layiqli cavablar verdiyini və insanlarımızı qoruduğunu deyən ailə üzvləri düşmənin hər zaman insanlıqdan kənar əməllərlə məhz mülkü vətəndaşları hədəfə almalarına beynəlxalq təşkilarların sərt etiraz etməmələrini qınayırıq”.

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərimiz hər zaman cənab Prezidentimizin xüsusi diqqətində olduğunu və belə hallarda ailələr üçün yeni evin tikintisinin təmin olunduğunu bildirib: “Bərpa agentliyinin rəhbəri Əli Məmmədovla ailənin vəziyyəti ilə bağlı bir gündə iki dəfə məsələ ilə bağlı danışmışıq. Bir neçə gün içində sizə yeni evin tikintisi üçün lazım olan bütün materiallar veriləcək. Yəni lazım olan bütün materiallar dövlət tərəfindən sizə veriləcək və evin tikintisi üçün bütün dəstək göstəriləcək. Gücü, imkanı çatan tovuzlular da hər zaman ön cəbhədə yaşayan sizin kimi insanlarımıza gücləri çatan qədər dəstək göstərməlidirlər və inanıram ki, bu, belə də olacaq". 

Millət vəkili, həmçinin evləri Ermənistanla cəmi bir neçə metrlik ön cəbhədə yerləşən bir çox ailələrlə də görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb: Dövlətimiz, ordumuz hər zaman yanınızdadır və düşmən mülkü vətəndaşlarımıza qarşı hər cinayətinə görə  düşündüyünüzdən də ağır cavablar alır və alacaq. Ön cəbhədə yaşaşan sizin kimi mərd, qorxmaz insanların varlığı  düşmənə ən böyük zəhbədir . Beynəlxalq təşkilatların, BMT, ATƏT, Avropa Parlamenti və Avropa Şurasının bu məsələlərə ikili standartlardan yanaşmalarına, işğalçı Ermənistanın cinayətlərinə göz yummalarına, heç bir təzyiq göstərməmələrinə qarşı etirazlarını hər zaman beynəlxalq platformalarda Azərbaycan rəsmiləri və millət vəkilləri  səsləndirir. Ancaq çox təəssüf ki, onlar Ermənistana deyil, əllərinə düşən hər fürsətdə yalan, yalnış məlumatlarla Azərbaycana təzyiq göstərmək istəyirlər.  Xalqımız bunun artıq yaxşı fərqindədir. Narahat olmayın, Azərbaycan düşmənə layiqli cavab verə bilən bir Azərbaycandır".

Qənirə Paşayeva Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsi ilə bağlı fikirlərini də sakinlərlə bölüşüb: "Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin qərəzli və ədalətsiz olduğunu insanlarımızın əksəriyyəti yaxşı anlayır. Avropa Parlamentini heç bir zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evinə dönə bilməyən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqları maraqlandırmadı. Bu haqların Ermənistan tərəfindən 20 ildən artıqdır ki, pozulmasının qarşısını almaq üçün heç bir zaman Ermənistana təzyiq etmədi. Heç ciddi etirazlarını da eşitmədik. Azərbaycan əleyhinə qüvvələrin niyə bu qədər fəallaşdığının səbəblərini də insanlarımızın əksəriyyəti yaxşı anlayır və bunun üçün də onlar bu istiqamətdə heç bir maraqlarına nail ola bilməyəcəklər".

Millət vəkili ailələrlə geniş fikir mübadiləsi də aparıb.

Şərhlər