Ümumdünya İlk Tibbi Yardım Günüdür

12.09.2015 09:30     Sosreaksiya     2656

12 sentyabr Ümumdünya İlk Tibbi Yardım Günüdür

Reaksiya.az xəbər verir ki, 2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur.

Dünyada ilk dəfə ilkin tibbi yardım hələ 19-cu əsrin sonlarında yaranıb. Azərbaycanda ilk təcili tibbi yardım xidməti 1922-ci ildə yaranıb. 20-ci əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərmək üçün at arabalarından istifadə edilirdi. Sabunçu ərazisində bir həkimin və iki akuşerin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərirdi. Təcili tibbi yardım bəzi paytaxt xəstəxanalarının nəzdində fəaliyyət göstərən şöbələr tərəfindən təqdim edilirdi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanıldı. Xüsusilə də son illər mütəmadi olaraq təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı ildən ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası nəzdində 751 həkimin və 1011 orta tibb işçisinin çalışdığı 21 köməkçi yardım stansiyası və 20 filial fəaliyyət göstərir. Xidmətin köməkçi stansiyaları tibbi yardıma ehtiyacı olan vətəndaşların cağrılarına ən qısa zaman ərzində yetişmək üçün şəhər və ətraf kəndlərdə əhali sıx məskunlaşdığı ərazilərdə yerləşdiriliblər.

Gün ərzində xətdə 141 səyyar briqada növbə tutur, 23 ARB (o cümlədən iki pediatrik briqada), səyyar laboratoriya, səyyar rentgen briqadası fəaliyyət göstərir. Hər ay Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Bakı və ətraf kəndlərin 12 rayonunun ərazisində təqribən 56-57 min xəstəyə yardım edir.

 

Şərhlər