Millət vəkili tələbələrlə görüşdü

14.09.2015 11:49     Sosreaksiya     2149

Millət vəkili Q.Paşayeva Tovuz rayonundan bu il ali məktəbə daxil olmuş tələbələrlə görüşüb.

500-dən çox bal toplayaraq tələbə adına qazanan tələbələrin iştirak etdiyi görüşdə hər kəsi tələbə adını qazanması münasibətilə təbrik edən və Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib. Bu il orta məktəbi bitirərək ali məktəbə sənəd verən gənclərdən 92 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplamaqla cəmi 424 nəfərinin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb: “Ümumiyyətlə məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, əksinə daha çoxdur. Üstəlik yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir”.

Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını söyləyib: “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var, çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var”.

Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib. 

Şərhlər