Yeni dərs ilinə necə hazırlaşmışıq?

14.09.2015 15:13     Sosreaksiya     2122

Sabah, sentyabr ayının 15-də ölkəmizdə yeni tədris ilinə start veriləcək.

Artıq neçə vaxtdır ki, bütün tələbələr, şagirdlər, müəllimlər yeni dərs ilinin təlaşındadırlar. Əlbəttə ki, valideynlərin də həyəcanını və narahatlığını  danmaq olmaz. Xüsusilə də, övladı bu il ilk dəfə orta və ali təhsil müəssisələrinə gedən valideynlərin sevinci və təşvişi birə-beş artıq hiss olunur. Bu gün isə həmin sevinc və təlaş daha çox artmaqdadır. Valideynlər artıq bu gündən sabah üçün çiçək dəstələri alır, hətta maşınlar belə bəzədilir. İmkan və zaman edə bilmədiklərindən məktəb alış-verişini məhz bu günə saxlayanlar da az deyil. 

Şəhərdə də artıq bu gündən xeyli canlanma başlayıb. Mağazalarda, ticarət mərkəzlərində, yollarda kifayət qədər sıxlıq yaşanır. Hamımıza yaxşı məlumdur ki, sabahdan Bakı yollarında daha çox sıxlıq, tıxaclar yaşanacaq.

Reaksiya.az müəllimlər, valideyn və tələbələr arasında sabaha, yeni tədris ilinə necə hazırlaşdıqlarını öyrənmək məqsədilə sorğu keçirib.

187 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Böyükxanım Qasımova yeni tədris ilinə uğurla başlamaq üçün müəllimin yayda yaxşı istirahət etməli olduğunu söyləyib: “Müəllimin maddi durumu arzuladığımız istirahətə uyğun olmasa da, tədris ilinə məsuliyyətlə başlamaq niyyətindəyəm. Kurikulum kursundan keçdim. Yeni tədris ilində 10-11-ci siniflərdə interaktiv təlimin bəzi məqamlarından istifadə etməyə çalışacağam”.

Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Seymur Heydərov isə tədris ilinə hələ hazır olmadığını və təhsil haqqını necə ödəyəcəyini düşündüyünü söyləyib.

Valideynlər isə sorğuda daha aktiv olub. Elvin Əliyev “yaxşı hazırlaşmışıq və çox ümidliyik”, Gülcahan Əlimərdanova “bacardığımız qədər hazırıq”, Şamil Ənvəroğlu “arzu edirəm ki, yeni dərs ili uşaqlara təkcə yeni forma yox, həm də yeni biliklər qazandırsın” deyib.

Rəşad Əkbəroğlu isə bu ilin uğurlu tədris ili olmasını arzulayıb: “Bu 2015-ci il insanlar üçün heç də xoş olmadı. Çətinliklər, böhran, sıxıntılı il kimi yaddaşlarda qaldı. Ümid edək ki, ən azından, tədris ili kimi uğurlu olsun”.

Reaksiya.az həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 15 sentyabr tarixində həyata keçirəcəyi tədbirləri də öyrənib.

DYP-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov xəbər verib ki, dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Hazırlanmış tədbirlər planına uyğun olaraq, təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər görüləcək. Bakı şəhərində yerləşən bütün təhsil müəssisələri və onların yerləşdiyi ərazilər polis tərəfindən nəzarətə götürülüb və həmin ərazilərdə polisin bütün qüvvələri xidmət aparır.

Təhsil müəssisələri istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsini yolların hərəkət hissəsində, yolların ikinci cərgəsində saxlayanlar məsuliyyətə cəlb ediləcəklər. Yolların kəsişməsinə yaxın hissədə, yolların hərəkət hissəsində, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə düzgün park etməyən sürücülər barəsində xüsusi tədbirlər görüləcək. 

Şərhlər