Bəzi ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirildi

14.09.2015 16:38     Sosreaksiya     1987

Məqsəd nəqliyyatın sıxlığının qarşısının alınmasıdır

Yeni  tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən Bakının mərkəzində yerləşən ali təhsil müəssisələri üçün fərqli iş qrafikləri müəyyənləşdirilib.

Reaksiya.az  APA-ya istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində bu tədris ilində dərslər öncəki tədris illərində olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində də iş qrafiki dəyişib. Əgər öncəki tədris illərində bu təhsil müəssisəsində birinci növbə üçün dərslər saat 8:30, ikinci növbə üçün dərslər saat 13:45-də başlayırdısa, bu il birinci və ikinci növbələr üçün dərslər müvafiq olaraq saat 9:00 və saat 14:00-da başlayacaq. Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə iş qrafikləri dəyişməyib. Bakı Dövlət Universitetində dərslər keçən tədris illərində olduğu kimi saat 8:30-da, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə saat 9:00-da başlayacaq.

Bakının mərkəzində yerləşən orta məktəblərdə də fərqli iş qrafiki tətbiq olunacaq. Məsələn, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən 132 saylı orta məktəbdə tədris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.

Şərhlər