"Haqqı verməzlər, haqqı alarlar" - Xiyabani
14.09.2015 17:30 Sosreaksiya 1980

"Yad qüvvələrə arxayın olun, ancaq öz qüvvənizə güvənin. Xarici dövlətin əlaltısı olmayın, çünki onlar ancaq öz mənafeyi üçün çalışırlar".
Bu fikir müəllifi tarixi şəxsiyyət, azadlıq və demokratiya carçısı, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir, siyasətçi Şeyx Məhəmməd Xiyabaniyə məxsusdur.
Minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmiş Xiyabani hər zaman öz çıxışlarında Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". O, 1907-1911-ci illərdə İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak edərək, mücahidlər sırasında mübarizə aparıb.
Ş.M.Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşularaq həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizədə iştirak edib. Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik rejimi yaradıb və qısa olsa da, Təbriz əhalisi rifah və əmin-amanlıq içərisində yaşayıb. Onun rəhbərliyi ilə İrandakı məşrutə rejiminə bir neçə zərbələr endirilib.
Xiyabani Təbrizə qayıtdıqdan sonra Təbrizdə Güney Azərbaycan Demokrat Partiyasını təşkil edərək gizli fəaliyyətə başlayıb. 1917-ci il aprelin 9-da nəşr edilmiş "Təcəddüd" qəzetinin aprelin 30-da çıxan sayında Xiyabaninin "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxır. Xiyabani həmin məqalədə deyirdi: "Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı". Xiyabaninin 2-ci məqaləsində deyilirdi: "Dünyada ən mürtəce və totalitar dövlət olan çar rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir". Xiyabani məşrutə qanununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi.
“Müstəqillik uğrunda mübarizə aparan xalq birinci növbədə ölümə hazır olmalıdır. Qorxu millətin, azadlığın və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları sarsılmaz edir, qoruyur və möhkəmləndirir. Xalqın hüququnu qəsb etmiş adamlara rəhm etmək kütləyə xəyanətdir. Biz Azərbaycan xalqının sədaqətini, İranın səfalət və fəlakətdən xilas olmasını istəyirik. Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır. Bir məsləkli iki adam, qardaş kimidir”.
1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edilir. Mitinqdə iştirak edənlər təklif edirlər ki, İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olduğuna görə Azərbaycanın "Azadisitan" (azadlıq sevən) adlanması daha düzgündür". Bu təklif mitinq iştrakçıları tərəfindən qəbul edilir. Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə: Zəncan, Marağa, Miyanə, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayılır. 1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul edir və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçilir.
Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə Təbrizdə bir çox islahatlar aparır. Jandarm təşkilatını genişləndirərək, Milli Qvardiya yaradır, azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin edir, "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açırı, məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verir.
Xiyabani milli hökumətin başçısı olduğu zaman bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və rifahla yaşaması uğrunda da canını qurban verir.
"Şərafətlə, namusla ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır" deyən Xiyabani 1920-ci il sentyabr ayının 14-ündə şərafətli ölümü ilə dediyinə sadiq olduğunu göstərir.
Şərhlər