Bakıda Beynəlxalq Forum öz işinə başladı - FOTOLAR

16.09.2015 11:58     Sosreaksiya     2231

Hazırda Bakı şəhərində "Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" mövzusunda Beynəlxalq Forum keçirilir.

Reaksiya.az xəbər verir ki, Forumu Beynəlxalq Avrasiya Fondunun (BAMF) sədru Umud Rəhimoğlu açıq elan edib. O, münaqişələr baş verən və qloballaşan dünyada dinlərarası münasibətlərdə multikulturalizmin inkişafında medianın böyük rolunun olduğundan danışıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla çıxışında multikulturazim mərkəzinin fəailiyyətindən söz açıb: "11 ölkə universitetlərinin tələbələri Azərbaycanda multikulturazimi öyrənmək və öz ölkələri ilə müqayisə etmək üçün bizə müraciət etdilər. Biz də bu məqsədlə onları Azərbaycana dəvət etdik, müxtəlif bölgələrə səfərlərini təşkil etdik. Səfər çərçivəsində özləri vəziyyətlə tanış oldular”.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, hazırda qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir: “Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub”.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan xalqı, hətta erməniləri etdikləri təcavüzlərə baxmayaraq günahkar hesab etmir, çünki bilir ki, onları bu işə təhrik edənlər günahkardır: “Azərbaycanda, Bakının mərkəzində hazırda erməni kilsəsi var".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev medianın bu sahədə görəcəyi işlərdən bəhs edib: “Media dini münasibətlərin tənzimləməsində rol oynaya bilər. Hazırda islamafobiya dünyanı ciddi narahat edən problemdir. İŞİD terror təşkilatı təəssüf ki, özünə islam adını verib. Dünyanın bütün media orqanları da İŞİD-i islam adı altında təqdim edir. Bu məsələdə media qurumları diqqətli olmalıdır, ciddi müzakirələr aparılmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib ki, Azərbaycan mediasında hər zaman dini və mənəvi dəyərlər ön planda olub: “Hazırda milli tolerantlıq mövzusunda mediada saysız-hesabsız informasiyalar var. Mediada dini daha düzgün işıqlandırmaq üçün jurnalistika fakültəsində də dini biliklər verilə bilər. Din qlobal gerçəyin ayrılmaz hissəsidir".

Qeyd edək ki, 15-19 sentyabr tarixlərində keçiriləcək Forum BAMF və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil edilib.

Şərhlər