Terror aktından 26 il ötdü

16.09.2015 16:10     Sosreaksiya     3024

1980-ci illərdən erməni terrorçu təşkilatları Azərbaycana qarşı terror müharibəsi təxribatlarına başlayıb. Ermənistan dövlətinin və  erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə fəaliyyət göstərən terror təşkilatlarının əsas məqsədi Dağlıq Qarabağda yaşayan azərbaycanlıları öz yurd-yuvalarından didərgin salaraq bölgəni tamamilə ələ keçirmək idi. Əsas hədəflərindən diqqəti yayındırmaq məqsədilə Dağlıq Qarabağdan kənarda yerləşən ərazilərdə, insanların sıx məskunlaşdığı yerlərdə terror aktları təşkil edirdilər. Nəticə də yüzlərlə günahsız insan həlak olurdu, yerdə qalanlar da vahiməyə düşürdü.

Ermənilərin Azərbaycana qarşı belə terror aktlarından biri 1989-cu ilin 16 sentyabr tarixində həyata keçirilir. Terrorçular Yevlax rayonu ərazisində “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən “İkarus” markalı sərnişin avtobusunu partladırlar. Partlayış nəticəsində 5 nəfər həlak olur,  27 nəfər isə müxtəlif bədən xəsarətləri alır.

Bu terror hadisəsi ilk olmur və bundan sonra erməni terrorçuları azərbaycanlı sərnişinlərin olduğu nəqliyyat vasitələrində ard-arda saysız hesabsız terror aktları törətdilər. Təkcə 1990-cı ildə beş belə hadisə baş verdi. 13 fevralda Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu  ilə hərəkət edən avtobus, 11 iyulda Ağdərə rayonunun  “Tərtər-Kəlbəcər” sərnişin avtobusu, 10 avqustda “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu və  “Şəmkir-Gəncə” avtomobil yolunda, Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus, 30 noyabrda Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladıldı.

Bu partlayışlarda 105 dinc sakin müxtəlif bədən xəsarətləri alaraq yaralanır, 53 nəfər isə həyatını itirir.  

Bu qədər insanın tələf edilməsindən ürəyi soyumayan qaniçənlər 1991-ci ildə daha çox nəqliyyat vasitəsində terror törədərək, vəhşiliklərinin sayını daha da artırırlar. Yanvar ayının 9-da “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobil partladıldı və 4 nəfər qətlə yetirildi. May ayının 30-da Dağıstan  Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladıldı. Partlayışda 22 nəfər yaralandı, 11 nəfər həlak oldu.  19 iyunda “Yevlax-Laçın” avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469” markalı avtomaşın partladıldı, 1 hərbçi həyatını itirdi, biri isə ağır yaralandı. 31 iyulda Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılır, 16 nəfər həlak olur, 22 nəfər yaralanır. Avqust ayının ikisində Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53” markalı avtomaşın, 21-ində isə Şadaxt kəndində “KAVZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılır. Hər iki hadisədə 1 nəfər həlak olur, 12 nəfər ağır bədən xəsarətləri alarır.

Sentyabr ayının 8-də “Ağdam-Xocavənd”, “Ağdam-Qaradağlı”avtobusunu atəşə tuturlar və nəticədə 12 nəfər  qətlə yetirilir, 59 nəfər müxtəlif dərəcəli xəsarətlər alır. 26 sentyabrda “Yevlax-Laçın” yolunda partladılmış “VAZ-2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomobildə 2 nəfər həlak olur, 14 nəfər yaralanır. 19 oktyabrda Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında partladılmış “UAZ-469” markalı avtomobildə 1 nəfər ağır yaralanır,  2 nəfər həlak olur.

Noyabr ayının 20-də erməni terrorçuları daha ağır cinayət dörədirlər. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotu atəşə tutulur. Nəticədə vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər həlak oldu. 26 dekabrda  Şuşa-Laçın yolunun 4-cü kilometrliyində «ZİL-130» və «Moskviç» maşınları partladılır, 5 nəfər həlak olur, 4 nəfər yaralanır.

Erməni terrorçuları bu minvalla 1995-ci ilə qədər azərbaycanlılara qarşı terror aktlarını davam etdirirlər.

Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.  Aparılan istintaqlar zamanı müəyyən edilib ki, terror aktlarından bir çoxunun təlimatçısı Ermənistanın indiki prezidenti Serj Sarkisyan olub.

 

Şərhlər