"İnsanlar Məkkədə ölməyi özlərinə şərəf bilir"
18.09.2015 13:38 Sosreaksiya 1886

Xəbər verildiyi kimi, dünən Məkkə şəhərinin Əl-Əzizyiah bölgəsində otellərin birində güclü yanğın hadisəsi baş verib. Əl-Riyad vaxtı ilə saat 12.30 radələrində otelin 8-ci mərtəbəsində qəfil yaranan alov sürətlə ətrafı bürüyüb. Yanğın zamanı oteldə Asiya ölkələrindən gəlmiş 1028 zəvvar olub.
Xatırladaq ki, bu ayın 17-də Məkkə şəhərində daha bir bədbəxt hadisə baş vermişdi. Cümə günü tikinti kranı Məscid əl-Həramın üstünə aşaraq xeyli sayda insan ölümünə və ciddi dağıntıya səbəb olmuşdu. Hadisə zamanı 107 nəfər həyatını itirmiş, 230 nəfər isə ağır bədən xəsarətləri almışdı.
Qeyd edək ki, həmin hadisə minlərlə zəvvarın Həcc ziyarəti üçün Məkkəyə axışdığı bir zamanda və insan izdihamının yaşandığı saatlarda baş vermişdi.
Müsəlman dünyası tərəfindən həmin hadisənin məhz 11 sentyabrda baş verməsi birmənalı qarşılanmayıb. Dünya müsəlmanlarının çox hissəsi iddia edir ki, bu hadisə 2001-ci ildə Amerikada baş vermiş 11 sentyabr hadisəsinə bir cavab idi.
Ehtimalların həqiqətə nə qədər uyğun olub olmamasını demək elə də asan deyil. Ancaq hadisənin məhz 11 sentyabr tarixində baş verməsi insanı bu mövzuda ciddi düşünməyə vadar edir.
Nəzərinizə çatdıraq ki, hər il Həcc ziyarəti üçün ölkəmizdən də yüzlərlə zəvvar Məkkəyə yola düşür. Bu il isə azərbaycanlı zəvvarlar üçün 2400 yer ayrılıb.
Bu yüksək rəqəmi nəzərə aldıqda Məkkədə baş verən bədbəxt hadisələr barədə sözün əsl mənasında ciddi düşünmək lazımdır. Məkkədəki yüzlərlə insan tələfatı onu deməyə əsas verir ki, azərbaycanlı zəvvarların da həyatı təhlükə altında qalır. Bu tələfatlar Azərbaycandan Məkkəyə yola düşən zəvvarların sayının azalmasına da müəyyən təsir göstərə bilər.
Yaranmış ehtimallara aydınlıq gətirmək məqsədilə Qafqaz Müsəlmaları İdarəsi ilə əlaqə saxladıq. Təəssüflər olsun ki, İdarədən elə də qənaətbəxş cavab ala bilmədik. İdarənin qəbul şöbəsindən Reaksiya.az-a bildirdilər ki, hazırda Həcc ziyarəti ilə bağlı QMİ-də heç bir dini ekspert yoxdur: "Və əgər kimsə olsaydı belə, siyasi yönümlü olduğu üçün sualınız cavablandırılmayacaqdı".
QİM nümayəsindən Məkkədə baş vermiş bədbəxt hadisələrin azərbaycanlı zəvvarların sayına təsir etdiyini də soruşduq. Və gözləmədiyimiz cavabla qarşılaşdıq: “Bu hadisələr Həcc ziyarətinə gedən zəvvarların sayına mənfi təsir göstərə bilməz. Çünki insanlar Məkkədə ölməyi özlərinə şərəf bilirlər”.
Şərhlər