Millət vəkili valideynlərə səsləndi

19.09.2015 09:51     Sosreaksiya     2254

“Ailə quran qızlarımız üçün rəsmi nigah və gəlin köçdüyü evdə qeydiyyatda olması mütləq vacibdir”  

Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun kəndlərindəki sakinlərlə görüşü zamanı səsləndirib.

Q.Paşayeva sakinlərlə görüşləri zamanı rəsmi nigahının və ər evində qeydiyyatının olması səbəbiylə indi ata evində əziyyət çəkən qadınlarla danışıb və bu tip halların daha çox artması üzündən valideynlərə müraciət edib:

“Analara və atalara səslənirəm. Qızlarınızın taleyinə laqeyid yanaşmayın. Sonra acısını ən çox onlar və siz çəkəcəksiniz. Amma biz də... Bu gün kəndlərimizdə sakinlərimizlə söhbət zamanı bir ana yaxınlaşıb "Qənirə xanım bax mənim bu qızım bu iki balası ilə ağır vəziyyətə düşüb. Qaynanasıgil bir neçə gün əvvəl onu evdən atıb, heç bir kömək də göstərmirlər balacaları böyütməyə" dedi. Mən də qanunla onun haqları var məhkəmə iddiası qaldırın mən də qanunlar çərçivəsində əlimdən nə dəstək gəlirsə kömək edərəm. Həm aliment alar, həm də onun o evdə yaşamaq hüququ tanınar. Ana dönüb nə desə yaxşıdır. "Qənirə xanım qızımın rəsmi nigahı yoxdu. Qeydiyyatı isə hələ də bizim evdədir". Dəhşətə gəldim. "Bacım sənin qızının artıq iki övladı var. Nədən onun rəsmi nigaha daxil olması, ərə getdiyi ailənin evində qeydiyyata düşməsi üçün indiyə qədər niyə addım atmamısınız?" sualına ananın cavab isə çox ağrıdıcı idi. "Nə bilim vallah, dedik sonra olar, nə olacaq ki... Nə biləydik belə olacaq..." Üzünə baxa-baxa qaldım və “Vallah mənim də sizə deyəcək sözüm qalmadı” dedim.

Hüquqşünas dostlarla iki övladı ilə çətin vəziyyətdə qalan gənc anaya necə kömək edə biləcəyimiz ilə bağlı söhbət etdik və təbii ki, əlimizdən gələn dəstəyi edəcəyik, amma artıq bu kimi hallar olmamalıdır. İnsanlarımızı daha çox maarifləndirməliyik ki, ailə quran qızlarımız üçün rəsmi nigah və ata evində deyil, gəlin köçdüyü evdə qeydiyyatda olması nə qədər vacibdir. Çünki heç bir kəs nə bədbəxt hadisələrdən, nə də vicdansız insanlarla qarşılaşmaqdan sığortalı deyil”.

Şərhlər