Məktəb direktorlarından nazirə hörmətsizlik

21.09.2015 12:27     Sosreaksiya     2609

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bütün orta ümumtəhsil məktəblərinə dərsliklər pulsuz verilir. Həmçinin də, dərsliklər istifadə müddətini başa vurduqca, yenidən nəşr edildikcə nazirlik tərəfindən də məktəb kitabxanalarına yeni kitablar verilir.

Ancaq təəssüflər olsun ki, bir çox məktəblərdə uşaqlara verilən kitablar bərbad vəziyyətdədir. Dəfələrlə istifadə olunan kitablar artıq istifadəyə yaramır.

Bu zaman istər-istəməz belə bir sual yaranır: Təhsil Nazirliyinin hər il nəşr olunan kitabları kimlərə verilir?

Reaksiya.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün şəhərin bir neçə kitab mağazasına baş çəkib.

"28 May" metro stansiyasının ətrafında saysız-hesabsız kitab mağazaları var. Və həmin mağazalarda bütün siniflər üçün nəzərdə tutulmuş dərsliklər satılır. Dərsliyin də satılması heç də qəbahət sayılmır. Ancaq məsələ orasındadır ki, kitab mağazalarında məktəblərə paylanılmış və arxasında “PULSUZ” sözü yazılmış kitablar da açıq bazarda satılır. Həmin ərazidə Səməd Vurğun bağı ətrafında yerləşən bir neçə kitab dükanında kitabların çoxunun arxasındakı qiymət yeri aq lövhəciklə örtülmüşdü. Hətta, bəzilərinin içərisində hansısa məktəbə məxsus olan möhür də saxlanılıb.

Nəticədə aydın oldu ki, nazirliyin məktəblərə payladığı dərsliklər açıq bazara ayaq açıb. Məktəb direktorları öz aləmlərində nazirliyi aldatmağa və dərsliklərdən də qazanc götürməyə çalışıblar. Kitab mağazasının satıcısı özü də etiraf etdi ki, kitabları onlara 1 manat ucuzuna məktəb direktorları verir və o kitablar da bazardakı qiymətə satılır.

Beşinci sinif üçün nəzərdə tutlmuş “Azərbaycan dili” dərsliyinin birinci səhifəsində hansısa məktəbin möhürü olduğu açıq aşkar görünürdü. Möhürdəki məktəbin nömrəsini pozmağa çalışsalar da, üzərində olan rəqəmlərdən məktəbi tapmaq elə də çətin məsələ deyil. 

Ancaq bundan sonrasını araşdırmaq daha çox Təhsil Nazirliyinin işidir deyə düşündük və aidiyyati qurumla əlaqə saxlayıb məsələ barədə məlumat verdik. Nazirliyin nümayəndəsi məsələni dərhal rəhbər səviyyəsində araşdıracaqlarını bildirdi.

Reaksiya.az məsələnin nəticəsini təqdim edəcək...

Şərhlər