Gəncədə beynəlxalq konfrans keçirildi

21.09.2015 12:50     Sosreaksiya     1728

Gəncə şəhərində “Neonatologiyanın son nailiyyətləri” mövzusunda konfrans keçirilib.

Reaksiya.az xəbər verir ki, sentyabrın 19 və 20-si Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Neonatologiyanın son nailiyyətləri” mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib. Konfransda ölkənin tanınmış mütəxəssisləri ilə yanaşı, Türkiyənin EGE Universitetinin professor və müəllimləri də iştirak ediblər. İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra konfrans öz işinə başlayıb.

Azərbaycanın şəhər və rayonlarında bu sahədə çalışan 300-ə yaxın aparıcı həkimlərin qatıldığı konfransı Gəncə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Ə.Məmmədov neonatologiya sahəsində çalışan aparıcı mütəxəssislərin əldə etdikləri son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə həsr edilmiş belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini şəhər sakinləri üçün əlamətdar hadisə adlandırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları və iştirakçıları salamlayaraq son illər Azərbaycan səhiyyəsində aparılan islahatlardan, qazanılan uğurlardan, nailiyyətlərdən danışıb. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin insanların sağlamlığının qorunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Gəncədə yeni, ən müasir tələblərə cavab verən səhiyyə ocaqları yaradılıb, köhnələr isə əsaslı şəkildə yenidən qurulub. Artıq demək olar ki, insanlar əlavə xərc çəkmədən yaşadıqları şəhərdə yüksək səviyyəli səhiyyə xidmətindən istifadə edə bilirlər.

Bildirildi ki, bu kimi beynəlxalq konfransların təşkili Azərbaycan səhiyyəsinin inkişafina xidmət edir və yerli həkimlərin bilik və bacarıqlarının, təcrübələrinin artmasına yardımçı olur. Sonra Azərbaycanda tanınmış mütəxəssislərinin, Türkiyənin EGE Universitetinin tibb fakültəsinin professorlarının. həkim-alimlərin məruzələri dinlənilib. Konfransda yenidoğulmuşların orqanizmində müşahidə edilən xəstəliklərin və onun müalicəsindəki təcrübələrin, bu sahədə elmi araşdırmaların nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Həmyerlimiz, Türkiyənin EGE Universitetinin uzman-doktoru Cəmalə Məmmədovanın "Yeni doğulan körpənin ana yanında bəslənməsi, evə yazılma şərtləri və araşdırma testləri" mövzusunda çıxışı konfrans iştirakşıları tərəfindən çox maraqla qarşılanıb.

İki gün davam edən konfransda ümumilikdə neonatalogiya sahəsini əhatə edən müxtəlif mövzularda 20-ə yaxın çıxışlar dinlənilib və çixişlar ətrafında maraqlı diskusiyalar, müzakirələr aparılıb. Sonda praktik vərdişlərin nümayişi həyata keçirilib. Konfrans yenidoğulmuşların orqanizmində müşahidə edilən xəstəliklərin profilaktikası, diaqnostika və müalicəsindəki təcrübələrin, elmi işlərin, standartların, müxtəlif ölkələrin mütəxəssisləri arasında mübadiləsi, tibbi xidmətin və əhalinin sağlamlığının qorunması, keyfiyyətinin artırılması baxımından çox vacib və əhəmiyyətli tədbir oldu.

Şərhlər