"Rəsmi açıqlama veriləcək" - “İnteraz” Televiziyasının icraçı direktoru

21.09.2015 13:37     Sosreaksiya     2076

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İnteraz”, “Euroaz” televiziya kanallarının, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmədiklərini və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərdiklərini bildirib.

Reaksiya.az  “İnteraz” televiziya kanalının icraçı direktoru Rəşad Dadaşovla əlaqə saxlayaraq prezident köməkçisinin səsləndirdiyi fikrə münasibət öyrənməyə çalışıb.

İcraçı direktor bildirib ki, səslənən fikirlərlə bağlı kanalın rəsmi saytında açıqlama veriləcək. 

Qeyd edək ki, “İnteraz” Azərbaycanın sərhədlərindən kənarda, Rusiya ərazisindən yayımlanan ilk milli telekanaldır. Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair şəhadətnamə alıb.

Azərbaycan və rus dillərində proqramlar yayımlayan telekanal Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

“İnteraz” Televiziyası Azərbaycanın milli peyki Azerspace-1 peyki vasitəsilə də yayımlanır. 

Şərhlər