"İnterAz" Əli Həsənovun iradına münasibət bildirdi

21.09.2015 14:34     Sosreaksiya     2072

"İnterAz" televiziyası Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bir sıra xarici KİV-lərin Azərbaycandakı qeyri-rəsmi fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Açıqlamada bildirilir ki, ""İnterAz" televiziyası Azərbaycanda qeydiyyatdan keçmiş “SalamPress Nəşriyyat Evi” MMC ilə mövcud rəsmi tərəfdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərir, Telekanalın fəaliyyətinə “SalamPress” şirkəti məsuliyyət daşıyır".

"Cənab Əli Həsənovun iradlarını nəzərə alaraq, media üzrə hüquq mütəxəssisləri ilə məsləhətləşdikdən sonra "İnterAz" televiziya kanalının Bakı nümayəndəliyinin qeydiyyatdan keçməsi məsələsinə bir daha aydınlıq gətiriləcək", - telekanalın bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov xarici KİV-lər, onların Azərbaycandakı nümayəndəlikləri və əməkdaşlarının elektron qaydada akkreditasiyası məsələsinə münasibət bildirərkən söyləyib:

"...Təəssüf ki, “İnterAz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər".

Şərhlər