BAMF Sülh günü ilə bağlı tədbir keçirdi

21.09.2015 16:50     Sosreaksiya     1753

Xəbər verildiyi kimi, 21 sentyabr Beynəlxalq Sülh günüdür.

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin Əsas Məşvərətçi Statuslu üzvü, o cümlədən Beynəlxalq Sülh Bürosunun bu regionda əsas tərəfdaşlarından biri olaraq bu günə xüsusi önəm verir.

Reaksiya.az xəbər verir ki, bu gün BAMF-ın ofisində təşkilatın sədri Umud Mirzəyevin başçılığı altında Sülh günü ilə bağlı kollektivlə görüş keçirilib.

Görüşdə çıxış edən Umud Mirzəyev bildirib ki, azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətinən çox arzu etdiyi dəyərlərdəndir: “Sabit şəraitdə yaşamalı insanlar, təəssüflər ki , bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu isə danılmazdır. Hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədirlər. Bu əlamətdar günün əhəmiyyəti də zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Hər şeydən əvvəl Azərbaycan böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub”.

Şərhlər