İnternetdən istifadəyə görə dünyada neçənci yerdəyik?

23.09.2015 04:32     Sosreaksiya     1771

BMT-nin bu il üçün “Genişzolaqlı İnternetin vəziyyəti” adlı hesabatına əsasən, hazırda 3,2 mlrd. insan internetə çıxış imkanına malikdir ki, bu da dünya əhalisinin 43%-ni təşkil edir.

Reaksiya.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən bildirir ki, ötən il bu göstərici 2,9 mlrd. nəfərə bərabər olub. İnternetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkədə əhalinin 61%-nin internetdən istifadə etməsi anlamına gəlir.

İnkişaf etmiş ölkələrdə internetə çıxış səviyyəsi maksimum həddinə çatdığı halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici əhalinin yalnız 35%-i üçün əlçatandır. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə vəziyyət xüsusilə ağırdır. Belə ki, əhalinin 90%-dən çoxu internetə qoşulma imkanına malik deyil.

Qeyd edək ki, Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46 faizi internetə çıxış imkanına malikdir.

2015-ci il üzrə məlumatlara əsasən, ev təsərrüfatlarında internetin nüfuzetmə səviyyəsinin göstəricisinə görə ilk on ölkə Asiya və ya Yaxın Şərqdə yerləşir.

Ümumilikdə, dünyanın 79 ölkəsində yaşayan əhalinin 50%-dən çoxu internetə çıxış imkanına malikdirlər. 2014-cü ildə bu göstərici 77 ölkə idi. İnternetə aşağı çıxış səviyyəsinə malik ölkələr Afrikada Saharadan cənubda yerləşən ölkələrdir.

Şərhlər