Tanınmış jurnalist Məmməd Aslanın ölümündən yazdı

23.09.2015 10:14     Sosreaksiya     2151

“Qəfil xəbər məni çox sarsıtdı. Gözəl şairimiz, Kəlbəcər niskilli Məmməd Aslan dünyasını dəyişib”.

Bu sözləri Azərbaycanın tanınmış jurnalisti Məzahir Süleymanzadə özünün Facebook səhifəsində yazıb:

“Biz dost idik. Onun "Səhər" qəzetinə hər gəlişi hamımızı sevindirərdi. Deyərdi ki, "Ekran-efir" qəzetinin redaktoru olsam da "Səhər"ı özümə daha doğma bilirəm, burada özümü daha rahat hiss edirəm. Kəlbəcərli şairlər, aşıqlar Hidayət Elvüsalın otağına toplaşardı, Məmməd Aslan, Sücayət danışanda hamı sakitcə onları dinləyərdi. 1990-cı il 20 Yanvar qırğınından dərhal sonra indi dillər əzbəri olan "Ağla, qərənfil, ağla"nı yazıb "Səhər"ə gətirdi. Sonralar bizim qəzetdə onun "Bazardakılar" adlı qeydləri dərc olundu. Bu yazılar yalnız Məmməd Aslanın qələmə ala biləcəyi mükəmməl publisistika nümunələri idi! Onun "Dərədən- təpədən", "Sözün düzü" televiziya verilişləri hədsiz tamaşaçı məhəbbəti qazanmişdı...

Allah böyük şairimizə rəhmət eləsin...”.

 

“Ağla, qərənfil, ağla”

 

Sinələr güllə-güllə,

Qan axır, dönür gülə.

Qərənfillər ağlayır,

Düşmənə gülə-gülə.

Ağla, qərənfil, ağla!

 

Qərənfillər qoşadı,

İkisi baş-başadı.

Sizdən qalan günləri

Qərənfillər yaşadı.

Ağla, qərənfil, ağla!

 

Qərənfil - şəhid qanı,

Ağla, qərənfil, ağla!

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla!

 

Cavanlara qıydılar,

Tanklar altda qoydular.

Qanın içib doydular,

Ağla, qərənfil, ağla!

 

Hər şəhidə bir düzüm,

Abşeron - qan dənizim.

Sən - mənim ağlar gözüm,

Ağla, qərənfil, ağla!

 

Uzaq mənzil, acı yol,

Yoldu, yol, əlacı yol!

Şəhidlərə bacı ol;

Ağla, qərənfil, ağla!

 

Kərbəla - qan çöllərə,

Puç olan qönçələrə,

Nazənin incilərə

Ağla, qərənfil, ağla!

 

Bəxti asılan qıza,

Hünəri aslan qıza,

Toyu yas olan qıza

Ağla, qərənfil, ağla!

 

Ağla, ürək boşalsın,

Ünün göyə baş alsın.

Ağla, dağlar yumşalsın,

Ağla, qərənfil, ağla!

 

Bu təklənmiş şirlərə,

Bu arxasız ərlərə,

Bu talesiz nərlərə

Ağla, qərənfil, ağla!

 

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara

Ağla, qərənfil, ağla!

 

Bu bədənsiz qollara,

Bu uçunan yollara,

Bu yiyəsiz qullara

Ağla, qərənfil, ağla!

 

Bu səngiməz ağrıya,

Bu qan sızan sarğıya,

Bu Allahsız qurğuya

Ağla, qərənfil, ağla!

 

Bu qara yazılara,

Bu körpə quzulara,

Quruyan arzulara

Ağla, qərənfil, ağla!

 

Xeyrə şər üstün gəldi,

İniltili ün gəldi...

Ağlamalı gün gəldi,

Ağla, qərənfil, ağla!

Məmməd Aslan

Şərhlər